İsmayıllı rayonunda vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan RegionTV.info-ya verilən məlumata görə, Polis Şöbəsinə müraciət edən rayon sakinləri özünü vəkil kimi təqdim edən Elman adlı şəxsin icarəyə torpaq sahəsi götürmək, azyaşlılara qəyyum təyin etdirmək kimi vədlər verərək, onları aldatdığını və pullarını ələ keçirdiyini bildiriblər.
Daxil olan müraciətlər əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq əməlini törətməkdə şübhəli bilinən İsmayıllı şəhər sakini Elman Xəlilov saxlanılıb.
Araşdırma zamanı onun Ağsu rayonunda da vətəndaşların pullarını alaraq, dələduzluq etdiyi məlum olub.
"Elman Xəlilovun analoji əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə İsmayıllı Rayon Polis Şöbəsinin 020-285-11-89 şəhər, 050-280-45-00 mobil nömrələri, habelə DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur", - Mətbuat xidmətindən bildirilib.
Xəbəri paylaş