“İranın verdiyi mükafat bizə lazım deyil” – Polad Həşimovun anası medalı qaytardı
“İranın verdiyi mükafat bizə lazım deyil”
Bir müddət öncə İran İslam Respublikasının Azərbaycandakı səlahiyyətli səfiri və Dini Lider Seyid Əli Xamneyinin Bakıdakı rəsmi nümayəndəsi Əli Əkbər Ocaqnejad general Polad Həşimovun ailəsini ziyarət edib.
RegionTV.info xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi özünün “Tvitter” səhifəsində paylaşım etmişdi.
Səfir bildirmişdi ki, səfirliyin hərbi attaşesi və dini rəhbərin Azərbaycan üzrə nümayəndəsi Əli Əkbər Ocaqnejadla birlikdə general şəhid Polad Həşimovun evində olub.
Qeyd edək ki, səfir bildirib ki, onlar öldürülmüş general Qasım Süleymani adına olan lövhə və medalı şəhid Polad Həşimovun xanımına və övladlarına təqdim ediblər.
Lakin şəhid general Polad Həşimovun ailəsi xəbəri təkzib edib.
Sosial şəbəkədə yayılan məlumata görə, Polad Həşimovun anası Səmayə xanım mükafatı almadıqlarını bildirib.
“İranın Poladın adına verdiyi medal bizə lazım deyil. Oğlumun adından istifadə etməsinlər. Aidiyyatı qurumlardan da medalı geri qaytarmaq üçün bizə kömək etmələrini tələb edirəm”-deyə, Səmayə ana bildirib.
Polad Həşimovun qardaşı İlham Həşimov xəbəri təsdiq edib.
“Bəli, xəbər doğrudur. Biz o mükafatı qəbul etməmişik. Şəhid general-mayor Polad Həşimovun adından sui-istifadə etməsinlər”.