RegionTV.info
Görəsən Məhəmməd Tağıyevin 5(beş) manatlıq pullarının rolu və əhəmiyyəti nələrdən ibarətdir?
Ətraf mühitdə əmələ gələn problemlərin həlli və aradan qaldırılması, zaman-zaman hər kəsi düşündürən məsələlərdən olub. Ona görə də meşə zolaqlarının, yaşıllıqların mühafizə olunması, yaxud da hansısa səbəblər üzündən bəzi ərazilərdə əmələ gələn erroziyanın qarşısının alınması və s. kimi məsələ və problemlərin həlli, daim aktuallığı ilə diqqəti cəlb edib. Belə bir səbəblər üzündən də, hələ bir neçə il bundan əvvəl ölkə rəhbəri cənab İlham Əliyev, bu yöndə əmələ gələn problemlərin varlığına xüsusi diqqət yetirdi və onların aradan qaldırılması məqsədilə, aidiyyətı qurumlara müvafiq tapşırıqlarını da verdi. Ölkə rəhbərinin belə bir addım atmasına, məhz bir çox amillərin varlığı da səbəb oldu. Hətta, cənab Prezident meşə zolaqlarında və digər ərazilərdə ağacların qanunsuz yollarla kəsilməsinin yolverilməz olduğunu və belə bir hallara qol qoyan şəxslərə qarşı ciddi mübarizə tədbirlərinin görülməsini, eyni zamanda həmin şəxslərin birbaşa məsuliyyətə cəlb olunmalı olduqlarını Nazirlər Kabinetinin 13 aprel 2014-cü il tarixli iclasındakı yekun nitqində vurğulayaraq bildirmişdi ki, “Biz ekoloji vəziyyətlə bağlı məsələləri daim diqqət mərkəzində saxlayırıq. Ancaq ictimaiyyəti də, məni də narahat edən məsələ ağacların qanunsuz kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər. Ona görə mən dəfələrlə bu məsələlərlə bağlı öz fikrimi bildirmişəm. Deyə bilərəm ki, vəziyyət əvvəlki illərə nisbətən daha damüsbətdir. Ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir. Ona görə aidiyyəti qurumlar təklif versinlər, biz ağacları kəsənlərə qarşı daha da ciddi tədbir görməliyik. Onlar məsuliyyətə cəlb edilməlidir. Bir daha demək istəyirəm ki, şəhərdə bir dənə də olsun ağac Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi, rəyi olmadan kəsilə bilməz. Bu, mənim son xəbərdarlığımdır”.
Bəli, belə bir tapşırıqların verilməsi, məhz ölkə rəhbərinin ətraf mühitlə bağlı ortaya qoyduğu mövqe oldu. Bu da onu söyləməyə əsas verir ki, ölkəmizin hər bir ərazisində yaşıllıqların salınması, ekoloji tarazlığın qorunması istiqamətində müəyyən tədbirlərin görülməsinə, qanunsuz ağac kəsilmələrinə qarşı ciddi mübarizə tədbirlərinin həyata keçirilməsinə baxmayaraq, bu gün də yaşıllıqların məhv edilməsi, meşə zolaqlarının qanunsuz yollarla kəsilməsi hallarına qol qoyulmaqdadır. Məsələn, redaksiyamıza daxil olan səhih məlumatlarda bildirilir ki, Tovuz rayonunun yanıqqaya kəndində Çingiz adlı şəxsə məxsus olduğu bildirilən taxta sexi fəaliyyət göstərir və həmin sexdə daha çox fıstıq ağaclarından istifadə olunur. Məsələnin düşündürücü tərəfi odur ki, adı çəkilən şəxsə məxsus olan sexə daşınan və müxtəlif məqsədlər üçün, ələlxüsus taxta yeşiklərin hazırlanmasında istifadə olunan fıstıq ağacları, heç də həmin sexə Avropa ölkələrindən daşınmır. Belə bir qanunsuzluqlara, yəni çoxsaylı fıstıq ağaclarının kəsilməsinə Qazax, Gədəbəy, Göygöl, daha çox isə Tovuz rayonunun meşə zolaqlarında qol qoyulduğu və xəlvəti yollarla həmin sexə daşındığı vurğulanır. Elə ki, qeyd olunan sexdə istifadə olunan ağac materiallarının haradan, hansı əsaslarla gətirilməsi haqda Çingiz adlı şəxsə sual ünvanlayırıq, o halda o, “Bilirsinizmi, mənə belə bir işlərlə məşğul olmaq üçün həm ETSN-dən, həm də Tovuz rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Məhəmməd Tağıyev tərəfindən icazə verilib. Hər reys zamanı sexə 128 kub fıstıq ağacının materiallarını gətizdirirəm və bu da bizə bir müddət bəhs edir” deyə cavab verir. Belə bir cavabın verilməsi, olduqca düşündürücü halın varlığından xəbər verir. O halda sual oluna bilər ki, sex sahibi hər kəsə belə bir fikirini çatdıra bilər, görəsən Tovuz rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Məhəmməd Tağıyev hara baxır ki, rəhbərlik etdiyi rayonun meşə təsərrüfatına belə bir zərbə vurulur? Deməli, rayonun yanıqqaya kəndində taxta sexinin fəaliyyət göstərməsi, Tovuzun meşə təsərrüfatına rəhbərlik edən bu şəxsin marağına cavab verir ki, o, həyata keçirilən “meşə qətliamları”na bu gün də göz yumur.
Məhəmməd Tağıyevin idarəçiliyi haqda belə bir məlumatlar da əldə etmişik ki, o, bəzi peşəkar media nümayəndələrindən müəyyən mənada ehtiyat edir və imkan daxilində qol qoyduğu çoxsaylı maxinasiyaların mətbu orqanlarda ictimailəşdirilməsinin qarşısını da alır. Çox zaman isə o, yalnışlığa yol verir. Məsələn, adı çəkilən şəxs elə hallar da olur ki, adicə latın dilində yazıb-oxumağı bacarmayan bəzi “media təmsilçiləri”ni təmtəraqlı qəbul edib, “ədəb-ərkanla yola salır”. Elə ki, onun hüzuruna bəzi kateqoriyaya məxsus “media təmsilçiləri” baş çəkir, o halda onun katibəsi verilmiş tapşırığa uyğun addımını atır. Yəni, etika naminə adının çəkilməsini istəmədiyimiz həmin xanım, ilk əvvəl Məhəmməd Tağıyevin hüzuruna baş çəkən “jurnalistlər”in xidməti vəsiqəsinin surətini çıxardır, az sonra həmin şəxslərə tərtib etdikləri jurnala imza atdırır, daha sonra isə 5 man pul verib yola salırlar. Ümumilikdə belə bir halların varlığı qanundan kənar addım olsa da, fakt budur ki, bu gün Məhəmməd Tağıyev idarəçiliyini belə bir əsaslar üzərində həyata keçirir. Deməli, direktor vəzifəsini daşıyan bu şəxsin torbasında “qara pişik” var ki, o, həm rayonun Kirən kəndindəki taxta sexinin fəaliyyət göstərməsinə göz yumur, həm də media nümayəndələrinə qarşı belə bir həssaslıq nümayiş etdirir. Belə olan halda ortaya başqa bir sual çıxır ki, görəsən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Meşələrin inkişafı departamentinin direktoru vəzifəsini daşıyan cənab Ağaqardaş Qaraşov, bu gün Məhəmməd Tağıyevin bu cür idarəçiliyi haqda məlumatlıdırmı? Məhz, ona görə bu şəxsin adını hallandırırıq ki, o, həm ETSN-də olduqca strateji əhəmiyyət kəsb edən bir sahəyə rəhbərlik edir, həm də ətraf mühitlə bağlı problemlərin varlığına cavabdehlik daşıyır.
Bəli, bu gün ölkəmizin qərb bölgəsinin meşə zolaqlarında, ələlxüsus Tovuz rayonunun meşə zolaqlarında analoqu olmayan “meşə qətliamları” həyata keçirilir. Bütün bunlar onu göstərir ki, Məhəmməd Tağıyevin yarıtmaz iş fəaliyyəti, hal-hazırda həyacan təbili çalmağa tam əsas verir. İndi olub keçənlərə diqqət yetirək. Ölkəmizin qərb bölgəsinin meşə zolaqlarından qanunsuz yollarla kəsilən fıstıq ağaclarının taxta sexinə daşınmasının özü cinayət əməli olsa da, Tovuz rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Məhəmməd Tağıyev maddi maraqlarının təmin olunmasını hər şeydən üstün tutulduğundan, bu gün də o, belə bir qanunsuzluq əməllərinə göz yummaqdadır. Təəccüblü halın varlığı odur ki, bir tərəfdən ölkə rəhbəri cənab İlham Əliyevlə bərabər, ekologiya və təbii sərvətlər nazir cənab Muxtar Babayev də hər kəsi ədalətli olmağa, meşə zolaqlarını qanunsuz yollarla məhv olunmasının qarşısını almağa çağırır. Belə bir çağırışın varlığına baxmayaraq, Tovuz rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Məhəmməd Tağıyev, hal-hazırda belə bir əməllərə məşğul olan şəxslərə hər cür şərait yaratmaqdadır. Bu da o deməkdir ki, bu şəxs verilmiş tapşırıq və tövsiyyələri saya salmır.
İndi olub-keçənlərə bir daha diqqət yetirək. Bir tərəfdən ölkə rəhbəri cənab İlham Əliyev yaşıllıqların qorunması, problemlərin aradan qaldırılması istiqamətində lazımi tapşırıqlarını verir, digər tərəfdən Məhəmməd Tağıyev və onun himayə etdiyi şəxslər isə, verilmiş tapşırıqlara məhəl qoymurlar. Xoşagəlməz halın varlığı odur ki, meşə zolaqlarına yaxın ərazilərdə yaşayan sakinlər baş verən qanunsuzluqlara qarşı haqlı narazılıqlarını ifadə etsələr də, bir kimsə onların narazılıqlarına məhəl qoymurlar.
O halın varlığını da xüsusi qeyd edək ki, xalqımızın ulu öndəri, mərhum prezidentimiz Heydər Əliyev hakimiyyətdə olarkən "Bir ağacın kəsilməsi bir qolumun kəsilməsidir" demişdir. Belə bir kəlamın işlədilməsi onu söyləməyə əsas verir ki, Ulu Öndər həmişə ətraf mühitlə bağlı problemlərə xüsusi diqqət göstərmiş və bəlli münasibətini də ortaya qoymuşdur. Ümumiyyətlə, məhrum prezidentimiz hakimiyyətdə olduğu illər ərzində meşə zolaqlarının qorunmasına, yaşadılmasına hər zaman xüsusi diqqət yetirmiş və bu sahənin mühafizə olunması istiqamətində aidiyyəti qurumlara lazımi tapşırıqlarını da vermişdir. Möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən 2010-cu ilin "Ekologiya ili" elan olunması isə, bir daha ölkə rəhbəri tərəfindən ətraf mühitə bəslənilən diqqət və qayğının varlığını göstərdi.
Bəli, bu gün ölkə rəhbəri lazımi tapşırıqlarını verir, Məhəmməd Tağıyev və onun himayə etdiyi şəxslər isə, verilmiş tapşırıqlardan irəli gələn addımları atmaq əvəzinə, düşünüb-daşındıqları addımlarını atmaqdadırlar. Deməli, bu məmləkətdə hər kəsin Vətən sevgisi olmalıdır ki, vətənini, xalqını sevə bilsin. Diqqəti o məqama da yönəldək ki, ölkə rəhbəri ilə bərabər, Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva və ailə üzvləri, müəyyən vaxtlarda “hərəyə bir ağac əkək” adı altında marafon tədbirləri həyata keçirilər. Atılan addımlar zamanı onminlərlə ağaclar əkilir, yeni-yeni yaşıllıqlar salınır, bir sözlə ekologiyamızın qorunması və ətraf mühitdə əmələ gələn problemlərin aradan qaldırılması istiqamətində lazımi addımlar atılır. Bu belə olduğu halda, görəsən ekologiyamızın varlığına “qənim kəsilənlər” atılan addımlardan niyə ibrət dərsi götürmürlər?. Yoxsa zamanı çatmayıb? Odur ki, gəlin həm düşünək, həm də bir qədər götür-qoy edək.
Xəbəri paylaş