Pakistan İR Prezidenti Arif Alvi 5 avqust 2020-ci il tarixində ölkə miqyasında qeyd edilən Kəşmirin “Blokada günü” (urduca Youm-e-İstehsal) ilə əlaqədar olaraq, Pakistan Senatının xüsusi sessiyasında urdu dilində çıxış edərək, Hindistanın nəzarətində olan Cəmmu və Kəşmir əhalisinin ötən bir ildə ən əsas insan hüquqlarından məhrum edildiyini, dünyanın orada baş verənləri görməli olduğunu söyləmişdir.
A.Alvi bölgədəki hadisələrin soyqırımına doğru inkişaf etdiyini vurğulamış, misal olaraq Dağlıq Qarabağda və Bosniyada törədilmiş soyqırımlarına toxunmuşdur. O, Dağlıq Qarabağda da ilk öncə təcridetmə siyasətinin tətbiq edildiyini, sonra soyqırımının həyata keçirildiyini, sonda isə bölgənin demoqrafik vəziyyətinin dəyişdirildiyini diqqətə çatdırmışdır.
Pakistan Prezidenti çıxışında kəşmirlilərə verdikləri dəstəyə görə, BMT Baş Katibinə, Azərbaycan, Türkiyə, Çin, Malayziya, və İrana minnətdar olduğunu da qeyd etmişdir (https://dunyanews.tv/en/Pakistan/557708-Pakistan-to-continue-support-of-Kashmiri-brethren-Arif-Alvi- )