"Distant təhsil süni əlaçılıq yaradıb".
RegionTV.info xəbər verir ki, bu sözləri Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü Etibar Əliyev "Facebook" hesabında qeyd edib. Onun sözlərinə görə ali məktəblərdə əsas problem biliyin qiymətləndirilməsindədir:
"Burada fürsətçillik, sui-istifadə halları geniş vüsət almağa başlayıb və nəticədə süni əlaçıların sayı bir neçə dəfə artıb. Bu mənada biliyin qiymətləndirilməsində mütləq dəyişiklilərin tətbiq edilməsinə zərurət yarandı. UNEC İctimai Şurasının rektor Ədalət Muradovla birgə keçirdiyi video konfransda maraqlı təcrübənin şahidi olduq. Universitet tətbiq etdiyi modulların III mərhələsində tələbələr arasında Google forum üzərindən anonim sorğu təşkil edib. Sorğuda 6270 tələbə iştirak edib.
Sorğunun nəticəsinə görə, UNEC-də tətbiq edilən onlayn tədrisi 65,7 faiz tələbə 7 və daha yüksək balla qiymətləndirib.
Onlayn tədris zamanı 72,8 faiz tələbənin müəllimlərin şəxsi kabinetindəki mühazirə materiallarından, 12 faizinin elektron kitabxana resurslarından istifadə etdiyi açıqlanıb. Həmçinin konfransda müəllimlərin şəxsi kabinetləri bizə təqdim olundu.
Digər ali məktəblər üçün də bunun maraqlı olmasını nəzərə alıb, şəxsi kabinetlərin nələri ehtiva etməsini diqqətə çatdırmaq istəyirəm. Hər bir fənnin sillabusu, müəllimlərin mühazirələri, mühazirələr əsasında Power Pointdə hazırlanan təqdimatlar, keçirilən mühazirələrin videodərsləri, eləcə də 800-dən çox asinxron videodərs və digər tədris materialları... Bütün bunlar tələbələr üçün əlçatandır. Bununla yanaşı Elektron kitabxananın işi təşkil edilib".
Deputat maraqlı bir məqama da toxunub. O, bildirib ki, tələbələrə imtahan suallarının və onların cavablarının verilməsi bir zamanlar universitetdə baş alıb gedən mənfi halların aradan qaldırılmasına xidmət edirdi:
"Bu üsul indi artıq sui-istifadələrə yol açır. Lakin buna baxmayraq UNEC Elmi Şurası indiki mərhələdə Distant təhsilin bir sıra məziyyətlərini nəzərə alıb, ixtisas fənlərinin daha dərindən mənimsənilməsi naminə yalnız ixtisas fənlərinin suallarının məxfi saxlanılması qərarını verib. Aparılan sorğular və müəllimlərin zəngin şəxsi kabinetləri tələbələrə imtahana hazırlaşmaq üçün geniş imkanlar yaradır. Biz tənqidi təfəkkürə malik və düşünməyi bacaran mütəxəssislər yetişdirməyi qarşıya məqsəd qoymuşuq.
Hazır suallar və hazır cavalarla bu məqsədə çatmaq mümkün deyil. Biz də bilirik ki, Distant təhsil mədəniyyəti formalaşmamış fürsətçilliyin və sui -istifadələrin qarşısını almaq mümkün olmayacaq. Tələbənin özü fürsətdən istifadə edib, süni əlaçılığı üzərinə götürməməlidir".
Xəbəri paylaş