Gəncədə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə abidə kompleksi inşa edilir.Gəncə Şəhər İcra Hakimiyyətindən RegionTV.info-ya bildirilib ki, abidə kompleksində I Qarabağ savaşı və 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərimizin, habelə Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində həlak olan mülki şəxslərin şəkilləri yer alacaq.
Abidə kompleksinin müəllifi, Əməkdar rəssam Şərif Şərifov bildirib ki, abidə kompleksinin əsas mövsuzu qələbədir. Burada inşa edilən "Şəhid bulağı" isə xalqımızın, xüsusilə gəncəlilərin qədim adətlərini özündə ehtiva edir: "Suyun ehsan edilməsi bizim köhnə adətlərimizdəndir. Zənnimcə bu amil abidənin daha da doğmalaşmasına təkan olaqcaq".
Şəhid Ağamirzə Quliyevin atası İlham Quliyev də öz növbəsində bu təşəbbüsü yüksək qiymətləndirdiyini qeyd edib. "Şəhidlərimizin ruhuna hər zaman dərin hörmət və ehtiram nümayiş olunur. Biz şəhid ailələri də dövlətimizin daim diqqətindəyik. Bunun üçün dövlət başçısı və şəhər rəhbərliyinə öz dərin minnətdarlığımızı bildiririk", - deyə, o bildirib.
Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən inşa olunan abidə kompleksi İstiqlal parkında yerləşəcək. Abidə kompleksinin sözügedən məkanda yerləşməsinə şəhid ailələrinin təklif və müraciətləri də nəzərə alınaraq, Gəncə Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın iclasında qərar verilib.
Gəncə Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü, Cavad xan Tarix və Mədəniyyət Fondunun I vitse-prezidenti Müzadil Həsənov bildirib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsinin yaşadılması, onların tanıdılması hər birimizin borcudur: "İnşa edilən bu abidə komplkesi də bu torpaqları Vətən edənlərə göstərilən dərin hörmət və ehtiramın bir nümunəsi olacaqdır".
Qeyd edək ki, abidə kompleksinin bir neçə aya təhvil verilməsi nəzərdə tutulur.
Xəbəri paylaş