
Dünən hüquq-mühafizə orqanları tərəfindən saxlanılan Şəmkir rayonunun icra başçısı Alimpaşa Məmmədov azı 20 ildir ölkədə ən məşhur məmurlardan biridir. Peşəsi tamada olan sabiq icra başçısı ölkədə “vergi-reket sisteminin” yaradıcılarından biri hesab olunur.
Keçmiş vergilər naziri Fazil Məmmədovun “sağ əli” hesab olunan A.Məmmədov, uzun illər vergi orqanlarında yüksək vəzifələr tutub. Sözün əsl mənasında sahibkarları, dövlət vəsaitlərini çapıb-talayıb, bu “qabiliyyətinə” görə də F. Məmmədovun sevimlisi olub.
Qeyd edək ki, A.Məmmədov Salyan və Şəmkir vergi idarələrinin rəisi olub. Salyanda işləyərkən sahibkarlara divan tutduğuna görə çoxsaylı şikayətlərdən sonra barəsində prokurorluqda cinayət işi başlanıb. Hətta saxlanılıb da. Amma iş bir müddət sonra müəmmalı şəkildə bağlanıb. Fazil Məmmədov bu dəfə onu daha böyük rayona – Şəmkir Vergilər İdarəsinə rəis göndərib. Amma vergi rəisinin bu rayonda o qədər də bəxti gətirməyib.
Şəmkirin o vaxtkı icra başçısı, 3 il əvvəl dünyasını dəyişmiş Aslan Aslanovla onun arasında qarşıdurma yaranıb. Aslanovun Prezident Administrasiyasına davamlı şikayətləindən sonra Fazil Məmmədov onun vəzifəsini dəyişməyə məcbur olub.

Onun Səbail Vergi İdarəsinə rəis olduğu dövrdə Bakının ən bahalı ticarət, iaşə obyektlərindən aylıq “haqqın” miqdarı bir neçə dəfə artırılıb.
Bu da sahibkarlar və onların yüksək ranqlı himayəçiləri arasında ciddi narazılıq yaradıb. A. Məmmədov məmurların müəssisələrini təkrar-təkrar yoxladığına görə yuxarıların qəzəbinə tuş gəlib və nazir bu dəfə dostunu müdafiə edə bilməyib, onu vergi orqanlarından qovmağa məcbur olub.
Bir müddət işsiz qaldıqdan sonra F.Məmmədov yenidən onu reabilitasiya edə bilib. Amma bu “reabilitasiyada” təkcə keçmiş nazir yox, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev də mühüm rol oynayıb. Mehdiyevlə isti münasibət qurmağa nail olan A.Məmmədov, qısa müddət sonra Sumqayıt şəhəri, Abşeron, Siyəzən, Xızı rayonlarını əhatə edən 2 saylı Ərazi Vergilər İdarəsinə rəis göndərilib.

A.Məmmədovun qanunsuzluğundan təngə gələn sahibkarlar bir neçə dəfə Sumqayıt Şəhər İcra Hakimiyyətinin qarşısında etiraz aksiyaları keçiriblər. Amma “güclü əllər” onu müdafiə edib və barəsində hər hansı tədbir görülməyib.
Əksinə, A.Məmmədovun rüşvət yığımında sərgilədiyi performans onun karyera yüksəlişində növbəti dəfə rol oynayıb. Məmmədovu 2012-il də vergi orqanlarının nazirdən sonra ən prestijli postu sayılan Bakı Şəhər Vergilər Departamentinə rəis göndəriblər.
Qeyd edək ki, həmin dövrdə Vergilər Nazirliyinin büdcə qarşısındakı öhdəliklərinin 85 faizi məhz bu Departament tərəfindən toplanıb. A.Məmmədov bu postda çalışdığı iki il ərzində “sahibkarların qənimi” titulunu möhkəmləndirib.
2014-cü ildə isə Ramiz Mehdiyevin və Fazil Məmmədovun dəstəyi ilə Alimpaşa Məmmədovun karyerasınada tamamilə fərqli dövr başlayır.

Bu dəfə təkcə iaşə, xidmət obyektləri, istirahət mərkəzləri deyil, dövlət qurumları da icra başçısının haqq-hesab dəftərində yer alır. İstisnasız olaraq bütün təyinatlar A. Məmmədovun müəyyən etdiyi rüşvət müqabilində həyata keçirilib, bundan başqa maliyyə, təhsil, mədəniyyət və təsərrüfat qurumları aylıq hesab verməyə məcbur edilib.
Bu zaman icra başçısı hamisi Fazil Məmmədovun da üzünə ağ olub, onun obyektlərinə girişir. Amma nazirin sərt təpkisi ilə üzləşir. Bir müddət sonra A. Məmmədov onunla dil tapır və bu dəfə keçmiş nazir özünə məxsus obyektlərin idarə edilməsini də icra başçısına həvalə edir. İcra başçısı onun biznesinin maliyyə, kadr, satış və s. bütün işlərini həyata keçirir.

Ancaq belə görünür, “xidmətləri” onu layiq olduğu sonluqdan xilas edə bilməyib…