"RegionTV.info"
Qarabağın bərpası prosesinə xarici investorları cəlb etmək üçün Azərbaycan ilk növbədə hərbi təhlükəsizliyi tam təmin etməlidir.
Bunu “ARB 24”ün “İşgüzar səhər” verilişinə açıqlamasında iqtisadçı Elmir Səfərli deyib.
O bildirib ki, bərpa prosesində iştirak edən xarici investisiya şirkətlərinə müəyyən güzəştlər tətbiq edilməlidir:
“Xarici investisiyaların cəlb edilməsi üçün doğru rəqabət mühiti formalaşdırmaq və vergi, gömrük sahəsində güzəştlər tətbiq etmək lazımdır. Bununla bağlı təklif edirəm ki, investorlar 10 il müddətində müəyyən vergilərdən azad olunsun. Bundan başqa istehsal məqsədilə gətirilən avadanlıqlar da gömrük rüsumlarından tam azad olunmalıdır”.
İqtisadçı qeyd edib ki, iqtisadi münasibətlərin inkişafı üçün Qarabağda müştərək investisiyaların formalaşmasına ehtiyac var:
“Müştərək investisiyalara həm dövlətin, həm də yerli və xarici şirkətlərin marağı olmalıdır. Çünki bu, iqtisadi münasibətlərin daimi və uzun müddətdə tənzimlənməsinə xidmət göstərəcək”.
Xəbəri paylaş