Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İlham İsmayıl prezidentin xüsusi xidmət orqanları haqqında fikirlərini şərh etdi...



"Deməli, bu xidmətlər üzərlərinə düşən vəzifənin öhdəsindən məharətlə gəliblər ki, ölkə rəhbəri bunu xüsusi vurğulamağı vacib bilib"


İki gün əvvəl Prezident İlham Əliyev ölkədəki ictimai-siyasi vəziyyətlə əlaqədar, xüsusilə Qarabağ probleminin həlli istiqamətində ciddi mesajlar verib. Bütövlükdə vəziyyəti dəyərləndirən prezident Azərbaycan xüsusi xidmət orqanlarının fəaliyyətinə yüksək qiymət verərək onların “olduqca səmərəli fəaliyyət göstərdiyini“ vurğulayıb. 

Moderator.az təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıldan ölkənin xüsusi xidmət orqanlarının ünvanına deyilənləri şərh etməsini xahiş edib. 

İ.İsmayılın fikirlərini diqqətinizə çatdırırıq. 

“İstənilən ölkənin xüsusi xidmət orqanı dövlətin təhlükəsizliyinin əsas sütunu hesab edilir. Bir şərtlə ki, xüsusi xidmət orqanı qarşısında məhz dövlətin mənafelərini qorumaq, dövlətçilik maraqlarına xidmət etmək tapşırıqları verilsin. Bu sahədə söz sahibi də bu prinsipləri üstün tutan peşəkar, siyasi hazırlığı, idarəetmə təcrübəsi olan şəxs olsun. Təəssüf ki, 11 ildən çox ölkənin vacib güc strukturuna tamamilə bu işə yad olan, yalnız sərhədsiz talançılıq iştahası olan biri başçılıq etdiyindən, təhlükəsizlik xidməti öz üzərinə düşən vəzifələri deyil, ona rəhbərlik edənlərin şəxsi varlanmasını və hakimiyyətdə söz sahibi olmasını təmin etməklə məşğul olmuşdu. Nəticədə xarici kəşfiyyat və konkret olaraq ölkəyə düşmən mövqedə dayananlar Azərbaycanda sərbəst təxribatlarla məşğul olmuş, ölkənin maraq və mənafeləri satılmışdır. İş o yerə çatmış oldu ki, bu təşkilatın əməkdaşları arasında  vətənin maraqlarını  başqa ölkəyə satanlar, onlara xidmət edənlər belə aşkar olundu. Peşəkar kadrların uzaqlaşdırılması və bu sistemin əlifbasına belə uyğun olmayanların xidmətə götürülməsi böyük ziyan vurdu və onun nəticələrini aradan qaldırmaq zaman tələb edir. 
 
Çox yaxşı haldır ki, Azərbaycanı  xüsusi xidmət orqanlarının (bura həm DTX, həm də Xarici Kəşfiyyat Xidməti aiddir) indiki fəaliyyəti ilk növbədə ölkə rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilir, həm də cəmiyyət də bu fəaliyyətdən razıdır, çünki Eldar Mahmudov, Akif Çovdarov dövrünün zülmləri cəmiyyətin bütün təbəqələrinin gözü qarşısında baş verib. Təbii ki, cəmiyyət bu idarələrin fəaliyyətinin böyük bir qismi haqqında məlumatsızdır və məxfilik baxımından belə də olmalıdır. Dövlət başçısı da detallara varmadan onların fəaliyyətini təqdir edib. Deməli, bu xidmətlər üzərlərinə düşən vəzifənin öhdəsindən məharətlə gəliblər ki, ölkə rəhbəri bunu xüsusi vurğulamağı vacib bilib. Gördüyünüz kimi prezident də detalları açıqlamadan görülən işin səmərəli olduğunu qeyd edib.
 
Azərbaycan elə siyasi proseslərin içində və ərəfəsindədir ki, xüsusi xidmət orqanlarının zamanında aldığı informasiyalar çox taleyüklü məsələləri xeyrimizə həll edə bilər. Qarabağ ətrafında çəmbər daralır, müharibə ehtimalı böyükdür və belə bir ərəfədə qabaqlayıcı informasiyalar, qarşı tərəf haqqında maksimum məlumatların əldə edilməsi perspektiv uğurun təməli sayılır. 

İstər DTX, isərsə də XKX bu məsuliyyətli dövrdə şərəflə öz funksiyasını yerinə yetirir və inanıram ki, uğurla da davam etdirəcək, çünki artıq bu xidmətlərə peşəkarlar rəhbərlik edir. Bu çətin və şərəfli işdə onlara uğurlar arzulayıram”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də