“ABŞ prezidentinin “soyqırımı” ifadəsini işlətməsi heç bir tarixi fakta və dəlilə əsaslanmır. Bu, bölgədə tamamilə müstəqil siyasət yürüdən, qısa müddətdə güclü regional oyunçu kimi özünü təsdiq edən qardaş Türkiyəyə siyasi təzyiq cəhdidir”.
“RegionTV.info” xəbər verir ki, bunu mətbuata açıqlamasında Milli Məclisin deputatı Ramin Məmmədov deyib. Onun fikrincə, belə addımlar Türkiyə kimi böyük tarixə malik bir ölkəni öz yolundan döndərə bilməz.
Ramin Məmmədov bildirib ki, "erməni soyqırımı" oyunu uzun illərdir ki, ABŞ siyasi elitasının əlində Türkiyəyə təzyiq vasitəsinə çevrilib. Artıq rəsmi Vaşinqton bu vasitədən istifadə edib: "Baydenin bu ifadəni işləməsinin hansısa hüquqi nəticələr doğurması mümkün görünmür. Lakin şübhəsiz ki, ciddi siyasi nəticələr olacaq. Bu nəticələrdən biri isə ABŞ-ın çox güclü və etibarlı tərəfdaşlarından birini itirməsi ola bilər. Türkiyə regionda sülhün və sabitliyin təmin olunmasında son dərəcə əhəmiyyətli rol oynayan vacib dövlətdir. Görünür ABŞ siyasi elitasında bu reallığı düzgün qiymətləndirə bilməyən dairələr var”.
Milli Məclisin deputatı onu da vurğulayıb ki, bu cür açıqlamalar mahiyyət etibarilə regionda əməkdaşlıq mühitinin yaradılmasına da mənfi təsir göstərə bilər. Xüsusilə də ona görə ki, son dövrlər bu istiqamətdə çox ciddi təşəbbüslərin ortaya atıldığı müşahidə olunurdu: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması Türkiyənin də fəal iştirakı ilə regionda bütün kommunikasiyaların açılması, iqtisadi əlaqələrin bərpası istiqamətində bəzi addımlar atılmağa başlamışdı. Lakin Baydenin açıqlaması Ermənistanda keçmişlə yaşamaq meyillərini gücləndirə, əməkdaşlıq təşəbbüslərinə qarşı müqavimətin artmasına xidmət edə bilər. Ümid edək ki, sağlam düşüncə qalib gələcək".
Ramin Məmmədov qeyd edib ki, Azərbaycan hər zaman olduğu kimi Türkiyənin yanındadır. Tarixdə "erməni soyqırımının" olduğunu təsdiq edən heç bir fakta rast gəlinmədiyini bildirən deputat vurğulayıb ki, əksinə, ermənilər özləri dəfələrlə türk xalqlarına qarşı tarixdə analoquna az təsadüf olunan soyqırımlar törədiblər: "1918-ci ildə azərbaycanlılara qarşı baş verən 31 Mart soyqırımı, 1992-ci ildə törədilmiş Xocalı soyqırımı var. Lakin təəssüf ki, dünyanın bir çox dövlətləri bu dəhşətli faktları görməzlikdən gəlir. Bu, bir daha sübut edir ki, qondarma "erməni soyqırımı" bəzi dövlətlərin əlində sadəcə siyasi maraqlarını həyata keçirmək üçün istifadə etdikləri vasitədir".
Xəbəri paylaş