Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin kultivasiyası və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı bir neçə əməliyyat tədbiri həyata keçirilib. Narkotikin kultivasiyası, alqı-satqısı ilə məşğul olan 5 nəfər saxlanılıb.DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan RegionTV.info-ya verilən məlumata görə, rayonun Tülü kənd sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Ceyhun Xəlilov əmisi oğlu Şahin Xəlilov və tanışı Rüfət İbrahimovla idarə etdiyi "Niva" markalı avtomobillə hərəkətdə olarkən polislər tərəfindən saxlanılıblar. Nəqliyyat vasitəsinin yük hissəsinə baxış keçirilən zaman oradan 104 ədəd çətənə bitkisi aşkar edilib. Araşdırma zamanı həmin şəxslərin narkotik vasitəni Qabaqçöl qəsəbəsi ərazisində becərmək üçün apardıqları, yetişdirib satacaqları təqdirdə isə əldə edəcəkləri qazancı öz aralarında böləcəkləri barədə razılaşmaları olduğu məlum olub.
Keçirilən digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində isə narkotik vasitələrin kultivasiyası və qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Qullar kənd sakini, əvvəllər də analoji cinayət əməllərinə görə məhkum olunmuş Mahir Orucov saxlanılıb. Onun idarə etdiyi "VAZ-21099" markalı avtomobilə baxış keçirilən zaman dağlıq əraziyə becərmək üçün apardığı 12 ədəd çətənə bitkisi aşkar edilib. Davam etdirilən tədbirlərlə M.Orucovun yaşadığı ünvana da baxış keçirilib. Oradan isə 450 qramdan artıq qurudulmuş marixuana aşkarlanıb.
Digər bir əməliyyat zamanı narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan rayon sakini Elçin Musayev saxlanılıb. Şəxsi axtarış zamanı corablarında gizlətdiyi kibrit qutularındakı qurudulmuş marixuana ondan maddi sübut kimi götürülüb.
Faktlarla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Xəbəri paylaş