Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova bu ölkədə daha bir skandalı ilə gündəmə gəlib.
"RegionTV.info"nun əldə etdiyi məlumata görə, səfir, Ukraynanın Xarkov şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin ucaldılmasına mane olmaq üçün fəaliyyətə keçib.
Belə ki, E.Axundova Xarkov meriyasına müraciət ünvanlayaraq, adıçəkilən şəhərdə salınması planlaşdırılan "Filosoflar parkı"nda Nizami Gəncəvinin abidəsinin ucaldılmasına qarşı çıxıb. O, dahi Nizaminin abidəsinin əvəzinə, Mirzə Fətəli Axundovun heykəlinin ucaldılmasını təkid edib.
Səfirin skandal yaradan əməlləri bununla yekunlaşmayıb. E.Axundova daha sonra Nizami Gəncəvinin abidəsi üzərində işləyən azərbaycanlı heykəltəraş, Ukraynanın Xalq rəssamı Seyfəddin Qurbanovdan işin dayandırmasını tələb edib.
Məlumdur ki, bu il dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Ukraynada böyük şairin adına ucaldılacaq abidə isə “Nizami Gəncəvi İli”nə növbəti töhfə ola bilər.
Lakin görünən budur ki, xanım səfirin addımları Prezidentin sərəncamına qarşı çıxmaqdan ibarətdir. Beləliklə, Ukraynada qalmaqalları gündəmdən düşməyən Elmira Axundova növbəti skandalı ilə bu ölkədə daha çox Azərbaycan adına mənfi reputasiya yaratmaqla məşğuldur.
Xatırladaq ki, Ukraynanın ikinci böyük şəhəri Xarkovda Nizami Gəncəvinin adını daşıyan parkın açılması və orada dahi mütəfəkkirin abidəsinin ucaldılması ilə bağlı ilkin razılaşma 2019-cu ildə Xarkov şəhər meri Gennadi Kernes ilə Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri olmuş Azər Xudiyev arasında keçirilən görüş zamanı əldə edilib.
Xəbəri paylaş