Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Polkovnik Ramaldanov: “Hərbi əməliyyatlar hər an başlaya bilər”






Üçüncü ordu korpusunun sabiq komandiri, ehtiyatda olan polkovnik Şair Ramaldanov Teleqraf.com-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

– Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində və iki ölkənin sərhədboyu ərazilərində onsuz da gərgin olan vəziyyət ötən gün axşamdan başlayaraq daha da gərginləşib. Ötən illərin təcrübəsindən çıxış edərək deyə bilərik ki, hər bir belə gərginlik təcavüzkar tərəfin hansısa daxili ictimai-siyasi, sosial-iqtisadi durumu ilə birbaşa bağlı olub. Sizcə, budəfəki gərginlik də əvvəlki səbəblərlə bağlıdır, yoxsa hansısa əlahiddə səbəblər də var?

– Burada təəccüblü bir şey yoxdur. Çünki qeyd etdiyiniz kimi təmas xəttində və iki ölkə sərhədində vəziyyətin tarixçəsinə baxsaq, görərik ki, belə vəziyyətlər mütəmadi olaraq yaranır. Yəni Ermənistan tərəfindən bu və ya digər istiqamətdən gərginliyə səbəb olan addımlar atılır. Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq daxili proseslər gərgin olduğu zaman həmin gərgin vəziyyətdən, problemlərdən diqqəti yayındırmaq üçün cəbhə bölgəsində, yaxud Ermənistan-Azərbaycan sərhədində müəyyən gərginlik yaratmağa, təxribat törətməyə çalışırlar. İndi də daxili problemlərdən diqqəti yayındırmaq istəyirlər. Ermənistanda gedən proseslərin ümumi ruhuna nəzər salsaq, bunu əminliklə söyləyə bilərik. Artıq Paşinyanın əvvəlki kimi nüfuzu, siyasi çəkisi qalmayıb. Biz onun əleyhinə olan qüvvələrin fəallaşmasını görürük. Cəmiyyət artıq Paşinyanın nağıllarına inanmır, küçələrdəki kütlə artıq demək olar ki, onu dəstəkləmir. Odur ki, Köçəryan və Sərkisyan dövründə olduğu kimi cəmiyyətin hakimiyyətə mənfi münasibəti fonunda Paşinyan da təmas xəttində belə təxribatlara əl atır.

Bilirsiniz ki, 2016-cı iliin aprel döyüşləri də bunun üstündə oldu. Serj Sərkisyanın gethaget zamanı idi. Bu fonda onlar gərginlik yaradaraq ondan “kozırnıy karta” kimi istifadə edirlər. İndi də demək olar ki, həmin dinamika, həmin vəziyyətdir. Bu fonda vəziyyətin gərginləşməsi baş tutub. Atəşkəs rejimi pozulur, hər iki tərəfdən itkilər olur. Ancaq budəfəki gərginliyin əvvəlki ilə nisbətən fərqi ondan ibarətdir ki, artıq Azərbaycan öz sözünü deyib, öz xəbərdarlıq mesajını verib. Ola bilsin ki, hansısa istiqamətdə gərginlik yaratmaq və təxribat törətmək niyyəti artıq sadəcə cavab verməklə yekunlaşmasın. İrimiqyaslı antiterror əməliyyatına keçmək ehtimalı çoxdur. Yəni fərq bircə bundadır. Cəbhə bölgəsindəki vəziyyət gah gərginləşir, gah da nisbətən sabitləşir. Bugünkü durumda bir daha qeyd etmək istəyirəm ki, artıq Azərbaycan öz mesajını verib. Bilirsiniz ki, Müdafiə naziri də sentyabrın 19-da Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirədə bir daha diqqəti bu məsələyə cəlb edib. Ordumuzun hər an təxribatlara hazır olmasına dair göstəriş verib. Nəinki təxribatların qarşısının alınmasına, hətta verilə biləcək əmrlərin yerinə yetirilməsi ilə bağlı öz tapşırığını çatdırıb. Hazırda həmin göstəriş və tapşırıqlar əsasında müəyyən bir hazırlıq və qabaqlayıcı işlər aparılır.

– İrimiqyaslı antiterror əməliyyatını müharibə adlandıra bilərikmi?

– Yox. Ona görə ki, biz müharibə şəraitindəyik. Sadəcə, atəşkəs rejimindəyik. Yəni bu, müharibənin bitməsi demək deyil. Yaranmış vəziyyətə görə ola bilsin ki, biz atəşkəs rejimindən çıxaq, cavab tədbirlərimiz aprel döyüşlərindəki kimi məhdud olmasın. Bu, bizim ərazimiz olduğu üçün əməliyyat da antiterror əməliyyatı adlanacaq. Biz müharibə etmirik, sadəcə öz ərazimizi işğalçı qüvələrdən azad edib, ərazi bütövlüyümüzü bərpa edirik. Ona görə də bu, antiterror əməliyyatı adlanır.

Belə bir antiterror əməliyyatının aparılması istisna olunmur.

– Budəfəki gərginlik antiterror əməliyyatının başlanmasına zəmin yarada bilərmi?

– Biz elə o vəziyyətdəyik. Bilirsiniz ki, dövlət başçımız artıq bununla əlaqədar mesajını verib. Müdafiə naziri bununla bağlı artıq öz göstərişlərini verib. Biz həmişə deyirik ki, hər an Ali Baş Komandanın istənilən əmrini yerinə yetirməyə hazırıq və biz bu əmrin nədən ibarət olduğunu bilirik. Ali Baş Komandanın əmri ərazi bütövlüyünün bərpası məqsədilə əməliyyatların aparılması əmri ola bilər.

– Son vaxtlar təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində yaşanan gərginlikləri küll halında nəzərdən keçirdikdə antiterror əməliyyatının keçirilməsi vaxtının çatdığını söyləmək mümkündürmü?

– Nəinki vaxtı çatıb, artıq vaxtı keçir. Biz indiyədək ATƏT-in Minsk Qrupunun münaqişənin sülh yolu ilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dair öz üzərinə götürdüyü missiyanı gözləyirdik. Biz bu danışığa o ümidlə getmiş, atəşkəs sazişini o ümidlə imzalamışdıq. Bu gün istər Ermənistanda gedən proseslər, istərsə də işğalla bağlı olan məsələlər artıq problemin sülh yolu ilə həllini yox dərəcəsinə gətirib çıxardığını göstərir. Minsk qrupunun fəaliyyəti də artıq iflic olub. Ona görə bu vəziyyətdə Azərbaycan üçün bircə yol qalır ki, bu da güc yoludur. Həmin güc yoluna da demək olar ki, hər an əl atıla, başqa sözlə hərbi əməliyyatlar hər an başlaya bilər.

– Ermənistan tərəfinin budəfəki təxribatı təcavüzkar ölkədə hər il sentyabrın 21-də qeyd edilən müstəqillik günü ilə bağlı ola bilərmi? Onların bu hücumlardan cəmiyyətdə aşağı olan ruh yüksəkliyini qaldırmaq üçün yararlanmağa çalışdıqlarını güman etmək olarmı?

– Mən belə deməzdim. Vətənpərvərlik ruhu heç bir tarixə bağlı məsələ deyil. Vətənpərvərlik ruhu dövlətə, xalqa olan münasibətin əsasında dayanır. İnsanlar ilk növbədə dövlətdən, yaxud Ali Baş Komandandan gələn əmri yerinə yetirirlər. Əmr verən qurumlar nə qədər nüfuzludursa, demək olar ki, o əmrin yerinə yetirilmə etimalı o qədər çox olur. Digər tərəfdən işğal olunmuş torpaqlarla bağlı onların vətənpərvərlik ruhundan danışması məntiqə sığmır. Vətənpərvərlik ilk növbədə vətəni müdafiə etmək, xalqını qorumaq üçün yönələn addımlar və hislərdir. İşğalçı qüvvələr adətən o hislərə malik olmurlar. Digər tərəfdən biz bilirik ki, bu gün Ermənistanda əsgər anaları mütəmadi olaraq Müdafiə Nazirliyinə üz tuturlar, Ermənistanda 16 yaşı tamam olmamış gəncləri ölkədən çıxarırlar, indiyədək Dağlıq Qarabağda yerləşən ailələr artıq öz yerlərini tərk edirlər, demoqrafik proseslər var və bu gün Ermənistanda valideynlər övladlarının ancaq Ermənistan sərhədləri daxilində xidmət etmələrini tələb edirlər. Bütün bunlar onu göstərir ki, burada başqa proseslər gedir. Burada məcburiyyət daha üstün tutulur, nəinki könüllülük və vətənpərvərlik ruhununun yüksəldilməsi.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də