Qarabağ müharibəsində sağlamlığını itirən 10-a yaxın qazi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında etiraz aksiyası keçirib.
"RegionTV.info" xəbər verir ki, qazilər əsasən biganəlikdən şikayətləniblər.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, qaziləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev və digər aidiyyəti rəsmilər qəbul edib:
“Onların müraciətləri dinlənildi. Müraciətlərinin bir hissəsi əlillik dərəcələrinin meyarları ilə əlaqəli olub. Nazirlik əlillik qruplarını qanunvericiliyə uyğun olaraq təyin edir. Təyinatın birinci hissəsi aidiyyəti qurumlar tərəfindən gələn göndərişlər əsasında verilir. Bununla bağlı qazilərə qanunvericiliyin şərtləri izah edildi. Qazilərin təklifləri əsasında aidiyyəti qurumlarla müzakirələr aparılacaq.
Bundan başqa, bir neçə qazimizin mənzil şəraitinin yaxşılaşdırılması barədə də danışıqlar aparıldı. Bilirik ki, ilin sonuna qədər qazi və şəhid ailələri 3 000 mənzil və fərdi evlə təmin ediləcək.
Məşğulluq barədə müraciətlər də yerindəcə qeydə alındı və uçota götürüldü. Məşğulluq mərkəzlərinə tapşırıq veriləcək və qazilərimiz uyğun işlərlə təmin ediləcək”.
Etirazçılar onların tələblərinin dinlənildiyini və problemlərinin həllinə söz verildiyini bildiriblər.
Xəbəri paylaş