Ölkəmizdə talassemiya və hemofiliyalı xəstələr dövlət qayğısı ilə əhatə olunublar. Koronavirus pandemiyasının dünyada sürətlə yayıldığı bir vaxtda bu infeksiyaya daha çox immuniteti zəif və qanı normadan aşağı olan insanların yoluxma ehtimalını, onların risk qrupuna aid olduqlarını nəzərə alaraq, cəmiyyətin diqqətinin bu sosial məsələyə yönləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Qan çatışmazlığı həyatları qandan asılı olan hematoloji xəstələrə mənfi təsir göstərə bilər.
Prokurorluq işçiləri qan köçürülməsinə ehtiyac duyan vətəndaşlarımıza dəstək vermək, onlar üçün tədarük edilən qan ehtiyatını artırmaq məqsədilə sentyabrın 21-də Baş Prokurorluq və Hərbi Prokurorluqda keçirilən könüllü qanvermə aksiyasında iştirak ediblər.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının birgə təşkilatçılığı ilə xüsusi karantin rejimi qaydalarına riayət edilərək reallaşdırılan aksiyada könüllü prokurorluq əməkdaşları qana ehtiyacı olan vətəndaşlarımızın köməyinə çatmaq üçün həvəslə iştirak ediblər.
Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibbi briqadanın həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunaraq hərtərəfli tibbi müayinədən sonra onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib və səhhətində problemi olmayan donorlardan qan götürülüb.
Qanvermə zamanı donorların və tibb işçilərinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirlər həyata keçirilib.
Götürülən qan nümunələri laboratoriyada müayinə edildikdən sonra talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlarımıza yardım etmək məqsədilə istifadə olunacaq.
Növbəti gün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Bakı şəhər prokurorluğu və tabe rayon prokurorluqlarında da keçirilməsi planlaşdırılan bu xeyriyyə aksiyasının əsas məqsədi Respublika Talassemiya Mərkəzində qeydiyyata alınmış və qan köçürülməsinə ehtiyac duyan vətəndaşlarımıza dəstək olmaqdır.