Meksikanın çoxmilyonlu dinləyici kütləsinə malik “MVS” radio kanalında Azərbaycan Respublikasının Meksikadakı səfiri Məmməd Talıbovun işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın apardığı yenidənqurma işləri, bu istiqamətdə mövcud maneələr və regionda münaqişə sonrası vəziyyət barədə müsahibəsi efirə gedib.
"RegionTV.info" xəbər verir ki, Bu barədə Azərbaycan Respublikasının Meksikadakı səfirliyindən məlumat verilib.
Qeyd olunub ki, müsahibədə 44 günlük müharibənin yekununda Azərbaycanın beynəlxalq qaydada tanınmış ərazilərini 30 ilə yaxın davam etmiş erməni işğalından azad etməyə nail olduğu və hazırda ölkə qarşısında duran başlıca çağırışın azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmasına şərait yaradılması olduğu bildirilib.
Bu öncül məqsədin həyata keçirilməsi üzrə mövcud olan maneələrdən danışan diplomat, işğal müddətində bu ərazilərdə yaşayış infrastrukturunun tamamilə dağıdıldığını, buradakı tarixi-mədəni irsimizin məhv edilməsinə cəhd göstərildiyini, habelə olduqca geniş sahələr boyu kütləvi minalanma aparıldığını söyləyib.
Qeyd edib ki, Ermənistan tərəfi beynəlxaq humanitar hüququn tələblərinə və öz beynəlxalq öhdəliklərinə zidd olaraq, həm hərbi, həm də mülki vətəndaşlarımız arasında itkilərə səbəb olmaqda davam edən bu minaların yerləşmə xəritəsini verməkdən imtina edir.
Bununla belə, regionda Azərbaycan tərəfindən minatəmizləmə işləri ilə yanaşı, uzun vaxt və iri həcmli sərmayələr tələb edən bərpa və yenidənqurma işlərinə də artıq start verildiyini, bu xüsusda nəqliyyat yolları, hava limanları və digər əhəmiyyətli infrastrutkur layihələrinin inşasına başlandığını deyən səfir, münaqişənin təsirinə məruz qalmış ərazilərdə yaşayan erməni əsilli vətəndaşlarımızın ölkənin hüquqi sisteminə inteqrasiyasının da qarşıda duran vəzifələrdən olduğunu bildirib.
Xəbəri paylaş