“Bütövlükdə götürsək, istər mediamız, televiziyamız, teatrımız və digər sənət sahələrimiz olsun, hamısı batıb getməkdədir”
Bunu açıqlamasında “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev deyib. O, aparıcı Kamran Həsənlinin telekanallarla bağlı səsləndirdiyi fikirləriylə razı olduğunu bildirib:
“Televiziya burda bir vintdir. Əlbəttə, mən də Kamran Həsənlinin fikirləriylə razıyam. Verilişlərin böyük əksəriyyəti mənəvi kateqoriyalarda çox uzaqdır. Bir çox xarici verilişləri formaca götürürük, amma məzmunca eybəcərləşdiririk və nəzərə almırıq ki, burda hətta hətta əyləncə və digər həssas verilişlərə də müəyyən peşə prinsiplərindən yanaşmaq lazımdır. Ona görə də burda başlıca səbəblərdən biri professionallıqdır. Əgər söhbət əyləncədən gedirsə, orda profesionallıq da olmalıdır.
Televiziyalarımızda yayımlanan hind filmlərimizdə ən azı heç olmasa bir pərdə var. Amma böyük mənada hind filmləri göstərmək, göz yaşı çıxarmaqla bir şey edə bilmərik. Bütövlükdə götürsək, istər mediamız, televiziyamız, teatrımız və digər sənət sahələrimiz olsun, hamısı batıb getməkdədir. Hamısında eybəcər tendensiya önə çıxmaqdadır. Axı bu bir əldə deyil ki, bunu deyək ki, tək televiziya edir. Bu onu göstərir ki, ölkədə həm informasiya siyasətinə, həm mənəvi mühitin formalaşmasına ciddi yanaşmaq lazımdır. İllərdir ki, deyirik mənəviyyatımız korlanır, cəmiyyətin düşüncə tərzi zəhərlənir, hər şey olduqca bəsitləşdirilir. Bunlar hamısı ordan gəlir və təsadüfi deyil”.
Qeyd edək ki, aparıcı Kamran Həsənli bir vaxt çalışdığı “Space” kanalının fəaliyyətini sərt tənqid edib. O, telekanalı nəinki Azərbaycan xalqı, televiziya tariximiz üçün qara ləkə adlandırıb.