“İndiyə kimi dövlət qurumlarına girib-çıxarkən hər hansı bir vahid geyim formasının olmasıyla bağlı qanuna rast gəlməmişəm. Bu, işçilərin etik davranış qaydasına aid ola bilər”
Bunu açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib. Ekspert insanların sərbəst geyim formasını dövlət qurumlarının nəzərə almasının vacibliyini vurğulayıb:
“Burda qeyri-müəyyən bir situasiya yaranıb. İndiyə kimi dövlət qurumlarına girib-çıxarkən hər hansı bir vahid geyim formasının olmasıyla bağlı qanuna rast gəlməmişəm. Bu, işçilərin etik davranış qaydasına aid ola bilər. Məsələn, işçilər həmişə formada, saçları, üzləri səliqəli şəkildə olmalıdır və sair. Amma ola bilər indi Daxili İşlər Nazirliyi vətəndaşlarla bağlı daxili bir qayda müəyyənləşdirib və yaxud da Kamran Əliyevin dediyi kimi mental xüsusiyyətləri nəzərə alaraq belə bir məhdudiyyət tətbiq ediblər. Hər bir halda mənə elə gəlir ki, dünyanın inkişaf tempini nəzərə alaraq insanların sərbəst həyat tərzinə, sərbəst geyim formasına üstünlük verməsini nəzərə alaraq, bu məsələlərdə müəyyən güzəştlərə getmək lazımdır. Çünki qanunverilicilikdə hər hansı bir qadağa nəzərdə tutulmayıb ki, vətəndaş sürücülük vəsiqəsi üçün imtahan verəndə şortik geyinmək olmaz. Bu adam gedib orda sürücülük vəsiqəsinə şəkil çəkdirəndə ayaqlarının şəkilini çəkdirmir ki, sinədən yuxarısın çəkirlər. Belə olan zaman şortik geyinməyə nə problem ola bilər ki? Mənə elə gəlir ki, bu məsələdə vətəndaşların arzu və istəklərini, sərbəst həyat şəraitini nəzərə almaq lazımdır. Mən şəxsən burda ədəbsiz bir şey görmürəm. İnsanlar bütün dünyanı şortiklə gəzib dolaşırlarsa, bir ölkədən başqa ölkəyə şortiklə gedirlərsə, imtahanda bunu məhdudlaşdırmağın nə mənası var ki? İnsanların sərbəst geyinmək tərzi var, şortik normal bir geyim formasıdır, burda açıq-saçıq bir əlamət yoxdur. Oğlanlarımız da qızlar kimi bir qarış şortik geyinmir ki, dizdən aşağı şortiklər geyinirlər. Bu da normal bir haldır, havalar isti keçir, bir çox insanlar var Avropada təhsil alıb, onların Avropa dünyagörüşü var. Adamlar həyat tərzini bu cür qurublar. Adam şortikdə ailəsiylə restorana qonaq gedir və burda ayıb nə var ki? Bu gün dənizkənarı bulvara çıxırıq və kifayət qədər şortikdə insanlar görürük və burda qəbahət heç nə yoxdur. Ancaq mənə elə gəlir ki, bu şişirdiləsi məsələ də deyil, sadəcə vətəndaşların mövqeyindən çıxış edib, onları anlamaq lazımdır”.
Qeyd edək ki, Azərbaycanda sürücülük vəsiqəsi almaq üçün imtahana gedən kişilər şortik geyindikləri üçün binaya buraxılmayıblar.