Dövlət Miqrasiya Xidməti Azərbaycana səfər etmək, yaşamaq və əmək fəaliyyəti ilə məşğul olmaq niyyətində olan Türkiyə vətəndaşlarına müraciət edib.
DMX-dən "Report"a verilən məluamta görə, bu il fevralın 25-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında Saziş” 13 avqustda qüvvəyə minəcək.
Sazişə əsasən, qarşılıqlı olaraq Azərbaycan və Türkiyə vətəndaşları bir-birinin ərazisinə daxil olmaq, tranzit keçmək, ölkədən getmək və müvəqqəti qalmaq üçün 90 (doxsan) gün müddətinə viza tələbindən azad edilirlər.
Müvafiq ölkə ərazisində 90 (doxsan) gündən artıq müddətə qalmaq istəyən şəxslər müvəqqəti yaşama icazəsi almaq üçün əvvəlcədən müraciət etməlidirlər. Hər iki ölkə vətəndaşlarına məxsus pasportlar müvafiq ölkə ərazisinə giriş tarixindən etibarən azı 6 (altı) ay etibarlılıq müddətinə malik olmalıdır.
Hər iki ölkə vətəndaşları milli qanunvericilikdən irəli gələn qayda və prosedurlara riayət etməlidirlər. Azərbaycanda 15 gündən artıq müvəqqəti olan Türkiyə vətəndaşları olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmçinin vizadan azad etmə işləmək və ya hər hansı peşə fəaliyyəti ilə məşğul olmaq hüququ vermir.
Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən Türkiyə vətəndaşlarına mövcud qaydalara uyğun olaraq işəgötürənlər tərəfindən iş icazəsi alınmalıdır (iş icazəsinin alınması tələb olunmayan hallar istisna olmaqla).