ARB Tv-nin "Həmin Zaur" verlişində müğənni Emil Rəhmanoğlunun və digər bir-neçə sənətçinin narkotik aludəçiliyindən danışılıb. Proqramın qonaqları müğənni Cavanşir Məmmədov, E.Rəhmanoğlu və xanımı Sabrina olub.
RegionTV.info xəbər verir ki, C.Məmmədov narkotik aludəçiliyi haqqında danışaraq mərhum klarnet ifaçısı Zahid Sabirabadlının onun bu bəladan qurtara bilmədiyi iki insandan biri olduğunu söyləyib:
"Zahid rəhmətə gedəndə Hüseyn Məhəmmədoğlu hönkürüb ağlayırdı. İnsanın ürəyi yanır. Çünki elə sənətkarlar 100 ildən bir dünyaya gəlir. Zahiddən və bir nəfərdən başqa bütün dostlarımı narkotikdən uzaqlaşdıra bildim. Elə dostum olub ki, iplə ayağını ayağıma bağlamışam ki, getməsin".
Bu zaman verlişin musiqiçisi olan H.Məhəmmədoğlu dillənərək fikirlərini söyləyib:
"İnsanın öz ağlı olmalıdı. Məsələn, mən və qardaşım atasız böyümüşük, anam da yataq xəstəsi olub. Biz kombinatda boya-başa çatmışıq. Bu günə qədər nə siqaret çəkmişəm, nə də içki içmişəm. Hər şey insanın özündən asılıdır. Deyirlər, filankəsi pis yola çəkiblər. Məni niyə pis yola çəkə bilmirlər? İnsanın öz ağlı, şüuru olmalıdır. Bilməlidir ki, bu zərərlidir, olmaz".
C.Məmmədov isə deyib ki, narkotikə aludə olmağın tibbdə izahı var. Qanda meyilləmə olur:
"Misal üçün gitara ifaçısı Rəmiş. O da aludəçi idi. Bütün Azərbaycan Rəmişin üstündə əsib. Onu sevməyənlərə az-az rastlaşmaq olar. Hamı çalışırdı ki, Rəmiş narkotikdən uzaqlaşsın. O da son illərdə, təxminən 10 il qabaq tərgitdi".
Sabrina xanım isə Emil Rəhmanoğlunun bu günə qədər yaşamağının göydə Allahın, yerdə də özünün sayəsində olduğunu bildirib.
Xəbəri paylaş