Bakının Nərimanov rayonunda plana düşən yaşayış binalarının söküntüsünə başlanılacaq.
RegionTV.info-nun əldə etdiyi məlumata görə, söküntü işləri ilk olaraq Ağa Nemətulla küçəsində yerləşən plana düşən binalardan başlanacaq. Artıq Ağa Nemətulla küçəsi 32 ünvanındakı binanın söküntü işlərinə hazırlıq görülür.
Nərimanov rayon İcra Hakimiyyətindən RegionTV.info-ya verilən məlumata görə, adıçəkilən layihə pilotdur. Qeyd edilir ki, həmin ərazilərdə bir neçə bina artıq sökülüb.
“Sakinlərlə danışıq aparılır. Binanın sakinləri tam şəkildə köçürüləndən sonra söküntü işlərinə başlanılır. Sakinlər üçün kirayə mənzillər ayrılır.
Vətəndaşların kirayə haqqı, daşınma üçün lazım olan vəsait və digər xərclər pilot layihəni reallaşdıran şirkət tərəfindən ödənilir. Sökülən binanın yerində yeni bina tikiləndən sonra vətəndaşlara hazırkı mənzillərinin sahəsindən çox kvadratlı yeni mənzillər verilir.
Elə mənzil sahibləri olacaq ki, onlara hətta əlavə bir otaq da verilə bilər. Yeni mənzillər tam təmirli olacaq. Orada hər mənzil sahibi ilə fərdi olaraq danışıqlar aparılır və müqavilə də fərdi olaraq bağlanılır”, - deyə qurumdan bildirilib.
Qeyd edək ki, 2019-cu ildə Fövqəladə Hallar Nazirliyinin müəyyən etdiyi və Nazirlər Kabinetinə təqdim etdiyi istismara yararsız olan qəzalı binaların sayı 17-dir.
Bu 17 binanın çoxu Sabunçu rayonu ərazisindədir. Bundan başqa Xətai, Səbail, Nərimanov, Yasamal rayonu ərazisində də var. 2020-ci ildə koronavirus pandemiyası ilə bağlı söküntü-tikinti işləri dayandırılmışdı. Göründüyü kimi işlərə Nərimanov rayonundan start verilir.
Xəbəri paylaş