Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Rusiya Qarabağa görə NATO ilə vuruşacaq? - Rus politoloqun blefi, yoxsa...






Azərbaycan-Türkiyə hərbi ittifaqının güclənməsi sözsüz ki, işğalçı Ermənistan qədər onun əsas havadarı Rusiyanı da narahat edir. Bir neçə mühüm səbəbdən.

Birincisi, Türkiyə amili Moskvanın Qarabağ ixtilafı ilə manipulyasiya edib status-kvonu öz maraqları naminə sonsuzadək uzatmaq imkanlarını daraldacaq. Obrazlı ifadə eləsək, Kremlin “öz ayaqlarını” bundan sonra bölgədə istədiyi şəkildə “uzatmasına” mane olacaq.

Başqa yandan, Azərbaycanın Rusiyaya ənənəvi siyasi-hərbi bağları zəifləmiş olacaq, ölkəmizin Qərbə, NATO-ya doğru addımlamasına zəmin yaradacaq. Gürcüstanın ardınca Azərbaycanın da Rusiya orbitindən uzaqlaşması isə Kreml üçün ən pis yuxulardan biri olardı. Bu məntiqlə, Bakını öz yanında saxlamaq üçün Moskva artıq daha təsirli, Azərbaycanın maraqlarının daha ciddi şəkildə nəzərə alındığı təkliflər haqda düşünməlidir.       

Azərbaycan-Türkiyə hərbi alyansı, nəhayət, şimal qonşumuzun Ermənistandan regionda maşa kimi yararlanmaq şansını zəiflədəcək. Bütün bunlar isə yekunda Qarabağ konfliktinin həllini qaçılmaz edəcək – istər dinc vasitələrlə olsun, istərsə də hərbi güc yolu ilə.

“Qarabağda vəziyyət dəyişib. Əgər əvvəllər bu, ATƏT-in Minsk Qrupunun himayəsi altında olan və yalnızca Ermənistanla Azərbaycan arasında regional münaqişə kimi qəbul edilirdisə, Azərbaycan Türkiyəni münaqişəyə cəlb eləməklə böyük bir səhv etdikdən sonra indi o, NATO ilə KTMT arasında potensial toqquşma xarakteri daşıyır”.

Musavat.com-un məlumatına görə, bu sözləri 1 in.am saytına açıqlamasında rusiyalı ermənipərəst politoloq Stanislav Tarasov deyib. Onun zənnincə, bu gəlişmə o anlama gəlir ki, “Azərbaycanın problemi hərbi yolla həll etmə imkanları azalır və yaxın gələcəkdə danışıqların düzənə düşməsi bir qədər fərqli formatda baş verəcək”.

Rusiyalı politoloq təbii ki, blef edir və “rəngləri” qarışdırır. Əvvəla, ona görə ki, nə Azərbaycan, nə də NATO üzvü Türkiyə KTMT üzvü Ermənistana hücum eləməyə hazırlaşmır. Bu barədə hər iki ölkənin yüksək çinli rəsmiləri dəfələrlə birmənalı bildiriblər.

İkincisi, Azərbaycan beynəlxalq hüququn subyekti və suveren dövlət olaraq öz təhlükəsizliyini gücləndirmək üçün istənilən başqa ölkə ilə, o cümlədən qardaş Türkiyə ilə hərbi ittifaq qura, alyans təşkil edə bilər. Belə bir ittifaqı torpaqlarımızın 20%-nin on illərdir işğal altında qalması ikiqat zəruri edir. BMT Nizamnaməsi isə üzv ölkələrə işğala qarşı bütün vasitələrlə mübarizə aparmaq haqqı tanıyır. Yeri gəlmişkən, həmin sənədə Ermənistan və onun şəriksiz yiyəsi Rusiya da imza atıb.

Üçüncüsü, “Rus NATO-su”nun (KTMT) özəyini təşkil edən Rusiya yetkililəri də, KTMT rəhbərliyi də dönə-dönə bəyan ediblər ki, Dağlıq Qarabağ ərazisi bu hərbi-siyasi blokun məsuliyyət zonasına daxil deyil və təşkilat yalnız Ermənistanın təhlükəsizliyinə cavabdehdir. İyul ayında Tovuzla sərhəddə yaşanan hərbi toqquşma zamanı buna bir daha əminlik hasil edildi. Blok rəhbərliyi ənənəni mövqeyi təkrarladı və Azərbaycana qarşı cəbhə açmayacağını bəyan elədi.

Ayrı sözlə, Azərbaycan əgər Qarabağda hətta Türkiyə ilə birgə antiterror əməliyyatına başlasa, bunun nə Rusiyaya, nə də KTMT-yə heç bir dəxli ola bilməz və olmayacaq. Hərçənd Türkiyənin hərbi dəstəyinə lüzum yoxdur. Azərbaycan Ordusu təkbaşına da işğalçıların cavabını verə bilər. Artıqlaması ilə. Yetər ki, şimal qonşumuz Dağlıq Qarabağ məsələsində öz neytrallığını saxlasın.

İş də ondadır ki, Türkiyənin Azərbaycanda, o cümlədən anklav Naxçıvanda Qars Müqaviləsindən irəli gələn öhdəlikləri çərçivəsində hərbi cəhətcə günü-gündən möhkəmlənməsi müharibə variantında Rusiyanı işğalçı Ermənistana açıq və birbaşa hərbi dəstək verməkdən çəkindirəcək. Bizə də elə bu lazım deyilmi?

Odur ki, Stanislav Tarasov erməniləri nə qədər qorxudur qorxutsun. Rusiya onlara – ermənilərə görə nə Türkiyə ilə üz üzə gələndir, nə də NATO ilə... 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də