Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda xəstə tibb bacısına aşiq oldu, qaçırmaq istəyərkən başına iş gəldi

Tovuz rayonunda yerləşən tibb mərkəzində tibb bacısı işləyən qızın qaçırılması faktı ilə bağlı Şəmkir rayonu Zəyəm Cırdaxan kənd sakini, 2000-ci il təvəllüdlü Rza H, onun qardaşı 2003-cü il təvəllüdlü Orxan H, dostları Gündüz və Nurlan barəsində Cinayət Məcəlləsinin 144.2.3-cü (adam oğurluğu bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) maddəsi ilə açılmış iş üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesi aprelin 7-də başa çatıb.

"RegionTV.info"  xəbər verir ki, hakim Nural Əliyevin sədrliyi ilə baş tutan prosesdə maraqlı faktlar üzə çıxıb.

Məlum olub ki, Rza M. hadisədən bir müddət əvvəl Tovuzun Düz Cırdaxan kəndi ərazisində yerləşən və “Farm Gafur” adı ilə tanınan “Tovuz” tibb mərkəzində cərrahi əməliyyat edilib. Stasionar müalicədə olduğu müddətdə ona tibb bacısı Ayşən V. (şərti) adlı tibb bacısı qulluq edib. Rzanın tibb bacısından xoşu gəlib və həmin vaxt onun yanında qalan bacısı S.H-ya Ayşəni bəyəndiyini, onunla evlənmək istədiyini və qızın nömrəsini almasını xahiş edib.

Ayşən V. isə xəstə yatağında olan gənc oğlanla münasibət qurmaqdan imtina edib. Lakin o, əməliyyat olunmuş şəxsin bacısına lazım olanda əlaqə saxlamaq üçün nömrəsini verib. Rza da bacısından nömrəni əldə edib. O, xəstəxanadan buraxılandan sonra tibb bacısının "WhatsApp"ına mesajlar yazmağa başlayıb.

Rza M. ifadəsində bildirib ki, tibb bacısının qayğıkeş və mülayim rəftarından çox təsirlənib. O, Ayşənin də onu sevdiyini zənn edib. Beləliklə, gənc oğlan anasını Şəmkirdən Tovuza elçiliyə göndərib. Lakin qarşı tərəf bu izdivaca razılıq verməyib, qızın anası övladını Rzaya verməyəcəyini bildirib.

Bundan sonra gənc oğlan sevdiyi tibb bacısını qaçırmaq haqqında düşünməyə başlayıb. O, kiçik qardaşı Orxana “bizim maddi imkanımız zəifdir, kasıbıq, ona görə anası bizimlə qohum olmaq istəmədi” deyərək təhrikedici fikirlər irəli sürüb. Həmçinin qardaşı və digər şəxslərin yanında əslində Ayşənin onu sevdiyini, anasının bu işə mane olduğunu deyib. Beləliklə, 2 qardaş yaxın tanışları olan Nurlan və “Gədəbəyli” adı ilə tanınan taksi sürücüsü Gündüzlə qaçırma planı tərtib ediblər.

Onlar Şəmkirdən Tovuzun Düz Cırdaxan kəndinə yola düşüblər və qızın işə gəlməsini gözləyiblər. Burada məlum olub ki, Ayşən V. işə bacısı ilə gəlir. Onlar maşınla yaxınlaşaraq qəfil hərəkətlə 2 bacını tutublar. Bu zaman Rzanın sevdiyi qıza gücü çatmadığından ona Gündüz kömək edib. Ayşən V. də ifadəsində ona qarşı fiziki gücün və xəsarətlərin Rza tərəfindən deyil, taksi sürücüsü Gündüz tərəfindən yetirildiyini deyib. Beləliklə, bacısını “zərərsizləşdirib”, Ayşəni də maşına salandan sonra Rza Gündüzün avtomobilini idarə edərək uzaqlaşıb. Maşının arxa oturacağında isə Gündüz Ayşəni bərk-bərk tutaraq saxlayıb.

Lakin avtomobil Şəmkir rayonuna yaxınlaşdıqda onlara DYP maşını yaxınlaşaraq saxlamalarını tələb edib. Bundan sonra Ayşən V. azad edilib, qrup üzvləri isə saxlanılaraq şöbəyə aparılıb.

Məhkəmə prosesində Ayşən V. qarşı tərəflə barışdıqlarını bildirərək şikayətini geri götürüb. Həmçinin bir çox yüngülləşdirici hallar olduğundan məhkəmə təqsirləndirilən 4 nəfər barəsində şərti cəzaya hökm edərək onların azadlıqda qalmasına qərar verib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də