Birinci Qarabağ müharibəsi zamanı torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmiş, Şuşa şəhərini düşməndən qoruyarkən şəhidlik zirvəsinə ucalmış Azərbaycanın Milli Qəhrəmanı Sadıq Hüseynovun anım günüdür.
"RegionTV.info" xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, bu münasibətlə Ağcabədi Rayon Polis Şöbəsinin şəxsi heyəti Sadıq Hüseynovun adını daşıyan Xocavənd kənd tam orta məktəbində olub, qəhrəmanın büstü önünə gül-çiçək dəstələri qoyub.
Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qeyd olunub ki, S.Hüseynov 1989-cu ildə polis əməkdaşı kimi xidmətə başlayıb. Şuşa şəhərində sahə müvəkkili vəzifəsində çalışıb. Şuşa uğrunda gedən döyüşlərdə digər silahdaşları kimi şəhərin müdafiəsində dayanıb. Bir neçə dəfə yaralanmasına baxmayaraq, döyüş meydanını tərk etməyib, 1992-ci il aprelin 13-də gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.
Xəbəri paylaş