Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Sahibə Qafarova Vito Petroçelli ilə görüşdü

"RegionTV.info"
Bu gün Milli Məclisin sədri Sahibə Qafarova İtaliya Senatının Xarici işlər və emiqrasiya daimi komissiyasının sədri Vito Petroçelli ilə görüşüb.
 
Parlamentdən verilən məlumata görə, spiker qonağı salamlayaraq, bu səfərin parlamentlərarası əməkdaşlığın daha da dərinləşməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
 
O, tarixən qədim köklərə malik olan Azərbaycanla İtaliya arasında əməkdaşlığın ölkəmiz öz dövlət müstəqilliyini bərpa etdikdən sonra keyfiyyətcə yeni mərhələyə yüksəldiyini bildirib. Qeyd olunub ki, münasibətlərin hazırki yüksək səviyyəyə çatmasında ölkə prezidentlərinin qarşılıqlı səfərlərinin, aparılan danışıqların əhəmiyyətli rolu olmuşdur. Ölkələrimiz arasında imzalanmış sənədlər münasibətlərimizin möhkəm hüquqi bazasını təşkil edir.
 
Milli Məclisin Sədri siyasi, iqtisadi sahələrlə yanaşı, mədəni, humanitar, elm və təhsil sahələrində də əməkdaşlığımızın yüksək səviyyədə olduğunu qeyd edərək, bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun prezidenti, İSESKO-nun və YUNESKO-nun xoşməramlı səfiri kimi İtaliyada həyata keçirdiyi layihələr geniş ictimaiyyətə yaxşı məlumdur. Bu cür layihələr ölkələrimiz və xalqlarımız arasında münasibətlərin daha da dərinləşməsinə xidmət edir.
 
Azərbaycan-İtaliya münasibətlərinin inkişafında parlamentlərin də rolunu vurğulayan Sahibə Qafarova bildirib ki, son illər Milli Məclislə İtaliya parlamentinin hər iki palatası arasında sıx əməkdaşlıq yaranıb. Bu gün ölkələrimizin parlamentlərində dostluq qrupları fəaliyyət göstərir. Qarşılıqlı həyata keçirilən yüksək səviyyəli səfərlər bu əlaqələrin daha da dərinləşməsinə imkan verir.
 
Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə haqqında da qonağa məlumat verən Spiker vurğulayıb ki, həmin dövrdə bir çox italiyalı parlamentari Azərbaycanın bu haqq işinə öz dəstəklərini ifadə ediblər. Qeyd olunub ki, Ermənistan 30 ilə yaxın bir dövrdə işğal altında saxladığı Azərbaycan torpaqlarında böyük dağıntılar, vandalizm aktları törədib, şəhərləri, evləri, kəndləri, tarixi, mədəni və dini abidələri tamamilə dağıdıb. Çox təəssüf ki, Ermənistan yenə də cinayətkar fəaliyyətdən əl çəkmir və bütün çağırışlara baxmayaraq, növbəti dəfə hərbi cinayət törədir, beynəlxalq humanitar hüququn prinsiplərini kobud şəkildə pozaraq minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməkdən imtina edir. Bunun nəticəsi olaraq, müharibədən sonra bir çox azərbaycanlı mülki şəxs və hərbçi minaya düşərək həlak olub və yaralanıb. Hesab edirəm ki, bu hərbi cinayətin qarşısının alınması üçün sülh və təhlükəsizliyi təhdid edən bu addıma qarşı beynəlxalq ictimaiyyət də öz mövqeyini ortaya qoymalıdır.
 
Səmimi qəbul üçün minnətdarlığını bildirən İtaliya Senatının Xarici işlər və emiqrasiya daimi komissiyasının sədri Vito Petroçelli İtaliya Respublikası Senatının Sədri, senator xanım Maria Elisabetta Alberti Kaselattinin salamlarını Milli Məclisin Sədrinə çatdırıb. Bu gün Azərbaycanla İtaliya arasında münasibətlərin çox yüksək səviyyədə olduğunu bildirən Vito Petroçelli xüsusilə enerji sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd edib. O, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolunu vurğulayıb.
 
Qonaq, ölkələrimiz arasında yüksək səviyyəli münasibətlərin İtaliya parlamentinin hər iki palatasının Azərbaycan parlamenti ilə əlaqələrində də özünü göstərdiyini bildirib.
 
Milli Məclisin Sədri Sahibə Qafarova İtaliya Respublikası Senatının Sədri, senator xanım Maria Elisabetta Alberti Kaselattinin salamlarına görə minnətdarlığını bildirib və onun da salamlarını İtaliya Senatının Sədrinə çatdırmağı xahiş edib.
 
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də