"RegionTV.info"
2017-ci il avqustun 24-də DİN məlumat yayıb ki, ayın 21-də Xırdalan şəhərindəki evlərdən birinə daxil olan naməlum şəxs ev sahibəsini bıçaqla hədələyib pul və qızıl əşyalar verməsini tələb edib, səs-küy yarandığından istədiyinə nail ola bilməyərək hadisə yerindən uzaqlaşıb.
Həmin gün Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Saray qəsəbə sakini Məqsud Əliyev saxlanılıb və dindirilərkən əməlini etiraf edib.
Lakin aparılan araşdırma nəticəsində məlum olub ki, Məqsud Əliyev həmin hadisədən əvvəl Saray qəsəbəsində, Yeni Məhəllə yaşayış massivində yaşayan Məmməd Sərxanovun evinə basqın edib və sonuncunu küt alətlə zərbələr vuraraq öldürüb.
CM-in 181-ci (quldurluq) maddəsi ilə başlanılan cinayət işi Abşeron RPİ-dən rayon prokurorluğuna göndərilib.
Təyin edilmiş məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Məmməd Sərxanovun ölümünə travma nəticəsində beyin maddəsinə qansızma və kəllə sümüklərinin sınıqları səbəb olub.
Təqsirləndirilən şəxs qismində dindirilmiş Məqsud Əliyev ifadəsində 2002-ci ildən Saray qəsəbəsində yaşadığını və fərdi qaydada ev ustası işlədiyini göstərib.
2012-ci ildə dələduzluq əməllərinə görə Sumqayıt şəhər məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum olunub. 2015-ci ilin may ayında cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra yenidən ev təmiri ilə məşğul olub.
2017-ci ilin avqust ayında qızı Azərbaycan Pedaqoji Universitetinə, əyani şöbəsinə ödənişli əsaslarla qəbul olunub, təhsil haqqı 1500 manat olduğundan son vaxtlar ödəniş üçün pul axtarıb.
Hadisədən 5-6 gün əvvəl qəsəbədə gəzib, oğurluq etmək üçün yaşayış olmayan ev axtarıb və nəticədə Zeynəb Sərxanovanın evini qarət etməyi qərarlaşdırıb. Avqustun 21-də yuxudan oyanıb arvadına yalandan iş tapdığını bildirib və evdən çıxıb.
Nəzərdə tutduğu evə çatıb, mətbəxin pəncərəsinin açıq olduğunu görüb. Pilləkənin altından dördkünc taxta parçasını götürüb, qapıya doğru gedib.
Mətbəxə, oradan zala keçib. Divanda uzanmış Zeynəbin əri Məmmədin onu görüb ayağa qalxmaq istədiyini anlayıb, dərhal ev sahibinin başına zərbələr vurub. Hamam otağında olan Zeynəbə tərəf gedib, pərdəni aralayıb ondan pul tələb edib.
Qadın pul olmadığını bildirdikdə Zeynəbin də üz nahiyəsinə zərbələr endirib, evdən çıxıb. Təxminən 20 metrdən sonra yaşayış olmayan evin altına taxta parçasını atıb.
Sərnişin avtobusu ilə Sumqayıt şəhərinə gedib. Orada bir müddət dəniz kənarında oturduqdan sonra Xırdalan şəhərində usta işlədiyi mənzilə yollanıb.
Mənzildə olarkən aşağı mərtəbədə yaşayan Sevda adlı qadının evini talamaq qərarına gəlib. Qadına guya işlədiyi məzildən onun hamam otağına su sızdığını bildirib, sonuncunun evdə tək olmasına əmin olub. İşlədiyi mənzilə qalxıb, özü ilə bıçaq götürərək Sevdanın evinə qayıdıb.
Qapını arxadan bağlayıb, bıçağı zərərçəkmişin üzərinə tutub. Pul və qızıl əşyalarını verməsini tələb edib, Sevda eyvana qaçıb qışqırdıqda qorxub oradan uzaqlaşıb.
Məhkəmə hesab edib ki, Məqsud Əliyevin CM-nin 120.2.9 (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 120.2.11 (quldurluqla əlaqədar qəsdən adam öldürmə), 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd), 29, 120.2.11 (quldurluqla əlaqədar qəsdən adam öldürməyə cəhd), 181.2.2 (quldurluq, təkrar törədildikdə), 181.2.3 (quldurluq, yaşayış sahəsinə qanunsuz olaraq girməklə törədildikdə), 181.2.5 (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması sübuta yetirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Əliyev (1974-cü il təv.) 20 il müddətinə azadlıqdan məhrum olunub.
Xəbəri paylaş