"RegionTV.info"
Xarici işlər naziri Ceyhun Bayramov ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Cənubi Qafqaz üçün yeni baxış - müharibə sonrası inkişaf və əməkdaşlıq” mövzusunda təşkil olunan dəyirmi masada iştirak edib.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, tədbirə dünyanın 15 ölkəsindən aparıcı beyin mərkəzlərinin nümayəndələri qatılıblar.
Ceyhun Bayramov tədbir iştirakçılarına münaqişə sonrası bölgədə yaranan yeni vəziyyət, üçtərəfli bəyanatlar və onların icrasına dair məsələlər, işğal faktorunun aradan qaldırılması ilə beynəlxalq hüququn prinsipləri, xüsusilə də beynəlxalq tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünə ciddi riayət edilməsi əsasında Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması imkanının yaranması, azad edilmiş ərazilərdə vəziyyət, Ermənistan tərəfindən törədilmiş geniş miqyaslı dağıntılar və qanunsuz fəaliyyət barədə ətraflı məlumat verib.
Azad edilmiş ərazilərin bərpa, yenidənqurma və reinteqrasiyasından bəhs edən nazir, bu ərazilərə həyatın yenidən qaytarılması üçün görülən tədbirlərdən danışıb.
Ceyhun Bayramov üçtərəfli bəyanatların icrasına maneə olan və bölgədə yaranmış əməkdaşlıq imkanlarına təhlükə törədən məsələlər barədə iştirakçıları məlumatlandırıb, bu xüsusda Ermənistanın Azərbaycan ərazisinə hərbçilərini gizli şəkildə keçirmək cəhdləri, mina xəritələrinin Azərbaycana təqdim etməkdən imtina etməsi, rəsmi Yerevanın revanşist açıqlamaları və digər məsələləri vurğulayıb.
Tədbirin sonunda nazir iştirakçıların çoxsaylı suallarını cavablandıraraq, bölgədə Rusiya sülhməramlılarının rolu, beynəlxalq təşkilatların hazırkı prosesə mümkün töhfəsi, Azərbaycana qarşı aparılan dezinformasiya və saxta məlumatların yayılması ilə mübarizə, regional əməkdaşlıq imkanları və digər məsələlər barədə Azərbaycanın mövqeyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Xəbəri paylaş