
"RegionTV.info" xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbi polisin şəxsi heyəti Vətən müharibəsində torpaqlarımızın azad olunması uğrunda fəal iştirak edib, qarşıya qoyulan tapşırıqları layiqincə yerinə yetirib.
Hazırda hərbi polis bölmələrinin hərbi qulluqçuları azad edilmiş ərazilərdəki yaşayış məntəqələrində və qoşunların dislokasiya yerlərində təhlükəsizliyin təmin edilməsində iştirak edir.
Hərbi polis naryadları yaşayış məntəqələri və hərbi nəqliyyatın hərəkət marşrutlarında olan stasionar və səyyar postlarda sutkaboyu xidmət aparır, buraxılış rejimini, həmçinin xidmət və döyüş növbətçiliyi zamanı hərbi qulluqçular tərəfindən günün nizam qaydalarının yerinə yetirilməsinə nəzarəti həyata keçirir.
Hərbi polis müxtəlif istiqamətlərdə açılan nəzarət-buraxılış məntəqələrində patrul xidmətini və mühüm hərbi obyektlərin mühafizəsini təşkil edir, əraziyə daxil olan texnikanın uçotunu aparır, həmçinin kolonların müşayiətini təmin edir.