Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Yeni marşrut xətti təşkil edilir: Gediş haqqı 40 qəpik olacaq - RƏSMİ

"RegionTV.info"
Bakı Nəqliyyat Agentliyi (BNA) Bakıətrafı kənd və qəsəbələr üzrə sərnişindaşımaların keyfiyyətini artırır. Köhnə, istismar müddətini başa vuran avtobuslar müasir, rahat və iritutumlu nəqliyyat vasitələri ilə əvəz edilir.
 
Bu barədə qurumdan bildirilib.

Məlumata görə, bu çərçivədə ümumilikdə 48 minə yaxın əhalinin yaşadığı Pirallahı, Zirə, Türkan və Qala qəsəbələrində sərnişindaşımaların keyfiyyəti yaxşılaşdırılır.

Qeyd olunan qəsəbələrin sakinlərindən nəqliyyat xidmətlərinin keyfiyyətinin aşağı, avtobusların köhnə və istismara yararsız olması barədə mütəmadi olaraq Agentliyə şikayətlər daxil olurdu. "3 № Bakı Avtonəqliyyat Müəssisəsi” MMC-nin müvəqqəti istismarındakı bu xətlər üzrə avtobuslara zəruri texniki qulluğun göstərilməməsi, xüsusən qış aylarında çətinliklər yaradırdı. Bu isə sərnişinlərin haqlı narazılığına səbəb olurdu. Nəticədə metronun "Koroğlu” stansiyasından Pirallahı, Zirə, Türkan və Qala qəsəbələrinə gedən sərnişinlər qanunsuz sərnişindaşıma xidmətlərindən istifadə edirlər. Bu isə öz növbəsində sərnişinlərin daha artıq vəsait ödəməsilə yanaşı, həm də təhlükəsizlik baxımından narahatlıq doğurur.

Bütün bunları nəzərə alaraq Pirallahı, Zirə, Türkan və Qala qəsəbələri Koroğlu NMM-i istiqamətində sərnişindaşımalarının təşkilində dəyişiklik edilib.
Dəyişikliyə əsasən Qala qəsəbəsində mübadilə məntəqəsi təşkil edilib. Yeni dayanacaq pavilyonları qoyulub, iki dəfə "BakıKart” ödəmə terminalı quraşdırılıb və digər zəruri infrastruktur işləri görülüb. 101, 150 və 187 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslar müvafiq olaraq Türkan, Pirallahı və Zirə qəsəbələrindən sərnişinləri Qala mübadilə məntəqəsinədək gətirəcək.

Bu ərazidən isə Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinə (NMM) "Q1” adı altında yeni marşrut xətti təşkil edilir. "BakuBus” MMC-nin istismarında olacaq xətt üzrə avtobuslar Ramana yoluna daxil olmadan birbaşa hərəkət edəcək ki, bununla da sərnişinlərin səyahət müddəti əhəmiyyətli dərəcədə azalacaq və onlar təyinat məntəqəsinə daha tez çatacaqlar. Q1 xətti üzrə gediş haqqı 40 qəpik müəyyən edilib və ödəniş nağdsız formada olacaq.

Dəyişikliklər sayəsində Pirallahı, Zirə, Türkan və Qala qəsəbəsi sakinlərinin "Koroğlu” NMM və əks istiqamətdə rahat və təhlükəsiz şəkildə daşınması mümkün olacaq. İki marşrut xəttindən istifadə etmələrinə baxmayaraq onların səyahət müddəti əvvəlki vaxtla müqayisədə əhəmiyyətli dərəcədə azalacaq. Həmçinin, xətt dəyişikliyi nəticəsində Pirallahı qəsəbəsindən "Koroğlu” NMM-ə gedən sərnişinlər 10 qəpik daha az gediş haqqı ödəyəcəklər.

Məlumat üçün bildiririk ki, 101, 150 və 187 nömrəli müntəzəm marşrut xətləri sərnişindaşımaları balansında əsaslı təmir edilən nəqliyyat vasitələri olan daşıyıcıya həvalə edilib. Qeyd edək ki, bütün dəyişikliklər 12.04.2021-ci il tarixindən tətbiq olunacaq.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də