Ən azı son 2 əsrə yaxın bir dövrdə Azərbaycan türklərinin əzəli vətən torpaqları paralanmış, millətimiz rus-fars işbirliyinin nəticəsi olaraq yad ideologiyaların hakim olduğu coğrafiyalarda basqılar altında yaşamağa məhkum edilmişlər. Hədəf Türk dünyasını parçalamaq, avanqard Türkiyə ilə dügər türk coğrafiyalarının fiziki, ruhani əlaqələrini kəsmək, eyni millətdən fərqli xarakter, inanc, ruh sahibi olan toplum formalaşdırmaq, türk kimliyini assimilyasiya etməkdən ibarət olmuşdur.
Ötən əsrin əvvəllərində kifayət qədər ağır durumda olan Osmanlı İmperiyası Azərbaycan və Türkiyə arasında uçurum yaradan mərkəzlərə lazım olduqları dərsi verdi, erməni, bolşevik qüvvələrindən Bakını təmizlədi, Təbrizə qədər bir coğrafiyada Türk bütövlüyünə qarşı yönələn qüvvələri pərən-pərən sala bildi, Azərbaycan Xalq Cumhuriyyətinin bərqərar olunmasını təmin etdi. Bir millət bütöv olaraq üzərinə düşəni etdi. Təəssüf ki, I dünya savaşının yaratdığı şərtlər Türkiyənin Qafqazdan və İrandan çıxması ilə nəticələndi, Azərbaycan Xalq Cumhuriyyəti devrildi. millətimizin minlərlə fədailəri qətliamlara, terrorlara məruz qaldı.
Çağdaş zamanımızda Türkiyə və Azərbaycan üzərində oxşar ssenarilər işə salındı. 1993-cü ildə Azərbaycanda gerçək xalq hakimiyyəti olan Elçibəy hakimiyyətinin devrilməsi və hakimiyyətin millətimizə dost olmayan yırtıcı zümrəyə təslim edilməsi yenə rus imperiya siyasəti və fars şovinizminin ortaq layihəsi idi. Nəticədə millətin ruhu təcavüzə məruz qaldı, etiraf olunmalıdır ki, Azərbaycan inkişafdan 30 ilə yaxın bir müddətdə geri salındı. Unudulmamalıdır ki, Azərbaycan Türk dünyasının mərkəzidir və birlik açarı Bakıdadır.
Türkiyənin üzərində aparılan oyunlar isə Türkiyəni zəiflətmək, iç savaşa sürükləmək, Türk və islam dünyası üçün avanqard rolunu əlindən almaq, Orta Şərqin gələcəyini Türkiyəsiz qurmaq planlarından ibarət idi. Anqlo-saksonların hazırladığı bu plan iflasa uğramış durumdadır. Görünən odur ki, Türkiyə siyasi sistemi Osmanlının çöküşü ssenarisinin oxşarının hazırlanmasından xəbərdardırlar və ön planlanmaya sahiblənmişlər.
Hakim partiyanın imicinin daha çox islam ağırlığında olmasını təsadüfi hesab etmirəm. Bu islam dünyasının zülmdən qurtulması və Türkiyənin bu məkanda hegemon rolunu bərpa etməyə yönəlmiş taktikadır.
Türkiyə milliyətçilərinin təmərküzləşdiyi və Türk kimliyini kiməsə güzəştə getməyən Milliyətçi Hərəkat Partiyasının hakim Ərdoğan iqtidarı ilə Türkiyə və Türk-İslam dünyası məsələlərində uzlaşması tarixdən alınan ən mükəmməl dərs oldu. Türkiyə bu ittifaqda çox güclüdür. Türkiyəni bu qədər basqılarda ayaqda tutan və Orta Sərqdə söz sahibinə, sayılan güc mərkəzinə çevirən məhz bu ittifaqdır. Türkiyə artıq dünya qütbləri ilə ötkəm dildə danışan, milli maraqlarının coğrafiyasının Türkiyə sərhədlərindən çox-çox uzaqlarda olmasını diqtə edən güc mərkəzidir – İslam-türk birliyinin qarantıdır.
Orta Şərqdən sonra aydın dildə ifadə olunan hədəf Qafqazda Türk Dünyasının birliyini daraldan, coğrafiyada türk-islam düşmənçiliyi ilə buxova çevrilmiş Rusiya-Ermənistan ittifaqıdır. Süni şəkildə Rusiyanın hərbi-siyasi himayəsi ilə Ermənistanın separatçı davranışlarının nəticəsi olaraq yaradılmış Dağlıq Qarabağ problemidir. Azərbaycan məhz bu xəyanətin girovluğuna salınıb. Mövcud Azərbaycan hakimiyyəti isə rusofilliyi ilə ad çıxartməşdır. Dağlıq Qarabağ problemi ilk anda Azərbaycanın daxili problemi kimi görünə bilər. Gerçəklikdə isə, Dağlıq Qarabağ həm də Türk Dünyası üçün strateji problemdir. Bu məhz belə qavranmalıdır. Bu problem keçən əsrin əvvəlində də Azərbaycana və Türkiyə - Azərbaycan mübasibətlərinə buxov olmuşdur.
Rusiyanın baş planına Ermənistanın iyul ayının ortalarında Tovuz rayonu istiqamətində hərbi təcavüzü, məhz Türkiyənin bu bölgə və Orta Asiya ilə kommunikasiya imkanlarını zəiflətməyə hesablanmışdır. Eyni zamanda bu əməliyyatın sonucu olaraq həmin coğrafiyada nəzarəti ələ keçirməklə Avropanın təhlükəsizliyinə təhdid, ərazidə hegemonluğunu təmin etmək, Azərbaycanla Gürcüstan arasında kommunikasiya imkanlarını məhdudlaşdırmaq əsas hədəflərdəndir.
Türkiyə çoxlarının ehtimal etdiyi kimi Suriya və Liviya yükünün ağırlığına tabe olmadı. Türkiyə nəinki sükut elədi və ya zəif diplomatik açıqlamalarla işini bitmiş bildi, açıq bəyanatlara Azərbaycanın yanında, DQ probleminin həllində israrlı olduğu iddiasını bütün səviyyələrdə bəyan elədi. Və təkidlə işğal olunmuş Azərbaycan torpaqlarının azad olunmasını Azərbaycanla birlikdə təmin edəcəklərini dünyaya bəyan elədi. Bu cür bəyanatlar bəzən diplomatik normaları da aşa bilən kimi görünə bilər. “Güclü olan ədalətlidir” postulatı həyata vəsiqə qazandı. Türkiyə isə mütləq anlamda ədalətin, haqqın tərəfində olduğu üçün güclüdür.
Artıq 11 min Türkiyə mehmetçikləri və hərbi texnikası Azərbaycandadır. Avqust ayının 10-na qədər birgə hərbi təlimlər keçirilir. Bəs ayın 10-dan sonra necə olacaq? Birmənalı olaraq bəyan edirəm ki, Türkiyə ordusu mənsub olduqları türk millətinin qurduğu Azərbaycanın yanında olmalı, qan qardaşlarının qanını birlikdə almalı, Azərbaycanın bütövlüyünü və təhlükəsizliyini, demokratikliyini təmin etməlidirlərlər. Rusiyanın imperiya ambisiyalarını boğmaq üçün Türkiyə ordusu Azərbaycanda qalmalıdır. Qafqazda separatizmin kökünü kəsmək, demokratiyanı xilas etmək, bölgədə barış və sülhü təmin etmək üçün Azərbaycanda qalmalıdır. Və nəhayət halal haqqları olan Türk Dünyasının birliyi, Avropanın təhlükəsizliyi, bəşəriyyətdə dincliyin təmin olunması üçün burada qalmalıdır. Azərbaycan və Türkiyə ordusu bir səngərdə ədalətsizliklərə qarşı mübarizə üçün burada qalmalıdır. Birmənalı belədir. Azərbaycan cəmiyyəti və əksər siyasi partiyalar bu mövqeni bölüşür.
Söz Azərbaycan iqtidarınındır. İqtidarın isə tək söz sahibi var. Ölkə prezidenti! Söz deməli, tarixi şəraiti düzgün dəyərləndirməlidir. Deməsə və ya deməyə qoymasalar, son söz qüdrətli xalqımızındır - Azərbaycan və Türkiyə xalqınındır. Bunun qarşısında isə duracaq qüvvə yoxdur!
Bir millət iki dövlət formulu təkmilləşdirilməyə məhkumdur. Tək millət, tək və qüdrətli dövlətin memarları bizlər olmalıyıq.
Zəlimxan Məmmədli