Keçmiş Rusiya senatoru, biznesmen Fərhad Əhmədov “Dostluq” ordeni ilə təltif olunmasına görə Azərbaycan prezidenti İlham Əliyevə minnətdarlıq məktubu göndərib.
“Mənim Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə və Azərbaycan iqtisadiyyatının inkişafına göstərdiyim kiçik xidmətlərə verdiyiniz bu cür yüksək qiymətə görə Sizə səmimi minnətdaram”, - milyarderin məktubunda bildirilir.
F.Əhmədovun sözlərinə görə, bu vəzifələrin həllində iştirakı o, həyatının başlıca məqsədlərindən biri hesab edib və hesab etməkdədir.
“İri şirkətin rəhbəri olduğum 1990-cı illərdə də belə olub. Rusiya senatoru olduğum, AŞPA və ATƏT-də işlədiyim 2000-ci illərdə də belə idi. Mənim fərdi investor kimi fəaliyyətimin indiki mərhələsində də belə olaraq qalır. Gələcəkdə də belə olaraq qalacaq: mən heç vaxt unutmuram ki, öz həyat uğurlarıma görə doğulduğum, boya-başa çatdığım torpağa borcluyam, deməli onun qarşısında əbədi borclu olaraq qalacam. Bundan sonra da öz imkanlarım və gücüm çərçivəsində Vətənimə hərtərəfli kömək göstərmək üçün səylər göstərməyə hazıram. Sizə indiki məsul missiyanızda və hər şeydən əvvəl, Azərbaycanın hərtərəfli yenilənməsinə dair seçdiyiniz kursun həyata keçirilməsində səmimi qəlbdən uğurlar arzulayıram. Sizə və Sizin ailənizə can sağlığı, firəvanlıq arzu edirəm. Sizin məsləkdaşınız Fərhad Əhmədov”, - milyarderin Azərbaycan prezidenti İlham Əliyevə müraciətində bildirilir.
Bu gün prezident İlham Əliyev keçmiş Rusiya senatoru, milyarder Fərhad Əhmədovun “Dostluq” ordeni ilə təltif edilməsinə dair sərəncam verib. Prezidentin rəsmi saytında dərc edilmiş sərəncama əsasən Fərhad Əhmədov bu yüksək mükafata Rusiya ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin inkişafındakı xidmətlərinə görə layiq görülür.
F.Əhmədov Azərbaycan prezidentinin onu bu yüksək dövlət mükafatı ilə təltif etməsinə görə minnətdarlıq və təşəkkürlərini ifadə edib. “Mən prezident İlham Əliyevə bu yüksək mükafata, Rusiya ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin inkişafındakı rolumu qiymətləndirdiyinə görə təşəkkür edirəm. Bu, mənim üçün indiyədək layiq görüldüyüm ən yüksək mükafatlardan biridir”,-biznesmen bildirib.
Ötən gün sentyabrın 15-də F.Əhmədovun 65 yaşı tamam olub və Azərbaycan prezidentinin onu təltif etməsi də görünür bu yubileylə əlaqəlidir.
Fərhad Əhmədov həm iş adamı, həm Azərbaycan əsilli ilk Rusiya senatoru olaraq iki ölkə arasındakı əlaqələrin inkişafında fəal rol oynayıb. O, 2004-cü ildə Krasnodar vilayətini Rusiya Federasiya Şurasında təmsil etməyə başlayıb, parlamentin yuxarı palatasının hüquqi məsələlər komitəsinin sədri olub. 2007-2010-cu illərdə isə Yamal-Nen Muxtar Vilayətini Federasiya Şurasında təmsil edib. Həmin illərdə o, həm də Avropa Şurası Parlament Assambleyasındakı Rusiya nümayəndə heyətinin üzvü olub. F.Əhmədov AŞPA üzvü olaraq da Rusiya ilə Azərbaycan arasında parlamentlərarası əməkdaşlığın inkişafında xidmətlərə malikdir.
F.Əhmədovun bir neçə il əvvəl Türkiyə ilə Rusiya arasında yaranmış gərginliyin aradan qaldırılmasındakı rolu barədə də mətbuat artıq yazıb. Həmin vaxt Türkiyə xarici işlər naziri Mövlut Çavuşoğlu bildirmişdi ki, Rusiya təyyarəsinin vurulmasına görə yaranmış gərginliyin aradan qaldırılmasında Azərbaycan prezidenti İlham Əliyev, Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə yanaşı iş adamı Fərhad Əhmədovun da rolu olub.
Hazırda F.Əhmədov Azərbaycanda bizneslə və geniş xeyriyyəçilik fəaliyyəti ilə məşğuldur. (Virtualaz.org)