Sabiq nazir Səlim Müslümovun həbsi vəzifədə işləyərkən dövlət əmlakını talan etmiş, rüşvət və korrupsiyaya bulaşmış keçmiş məmurların başı üzərində “qara buludların” dolaşdığını ortaya çıxardı. Səlim Müslümovdan sonra Milli Qəhrəman, sabiq briqada komandiri Rövşən Əkbərovun dəmir barmaqlıqların arxasına göndərilməsi bu kateqoriyaya daxil olan insanlar üçün təhlükənin artdığını göstərdi. Hacıbala Abutalıbovun “sağ əli” kimi tanınan BŞİH-in keçmiş Aparat rəhbəri Rasim Quliyevin ardınca vaxtilə MTN-də yüksək post tutmuş generallar Mövlam Şıxəliyevin və Nizami Şirinovun həbsi bu prosesin dönməz xarakter aldığını göstərdi.
"RegionTV.info" xəbər verir ki, müxtəlif dövrlərdə vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş şəxslərin məsuliyyətə cəlb olunması bundan sonra da davam edəcək. Mənbələrimizin iddialarına görə, Azərbaycan cəmiyyəti qarşıda daha səs-küylü həbslərə şahidlik edəcək.
Aldığımız məlumatlara görə, taleyilə bağlı ciddi narahatlıq keçirən şəxslərdən biri də Gəncənin sabiq icra başçısı Elmar Vəliyevdir. Elmar Vəliyevin karyerasının başa çatmasıyla nəticələnən məlum güllələnmə olayına dair məhkəmə prosesi yekunlaşsa da, onun öz personası ətrafında başlanmış müzakirələr hələ də davam edir. Vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, külli miqdarda sərvət toplamış sabiqlərlə haqq-hesab çəkildiyi bir vaxtda Vəliyev yaxasını kənara çəkə biləcəkmi?
Yaxın ətrafının dediyinə görə, Elmar Vəliyev təhlükənin günbəgün artdığını hiss etdiyi üçün ağlasığmaz üsula əl atıb. Qohumlarının sözlərinə görə, o, sağlıq durumu ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yaymaqla məşğuldur. Məhz onun öz istəyinə uyğun olaraq, yaxın ətrafındakı insanlar hər yerdə Elmar Vəliyevin anlaqsız vəziyyətdə olduğunu, heç kimi tanlmadığını danışır. Keçmiş icra başçısı bu yolla hüquq-mühafizə orqanlarının diqqətini öz üzərindən yayındıra biləcəyinə ümid edir.
Mənbə sonda onu da deyib ki, əslində Elmar Vəliyevin səhhəti qənaətbəxşdir. O, gözdən-könüldən uzaq bir yerdə, Göygöl rayonunun Dəyirmanlar kəndindəki villasında istirahət edir. Onun bu ünvanı təkcə dincəlmək deyil, həm də kənar şəxslərlə ünsiyyətdən yayınmaq üçün seçdiyi bildirilir.
Xəbəri paylaş