Son həftə ərzində dünyada koronavirus qurbanlarının sayı 11 % artıb.
"RegionTV.info" xəbər veri ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik epidemioloji bülletenində deyilir.
Qeyd edilir ki, koronavirusa yeni yoluxma hallarının sayı artır.
"Dünyada COVID-19-a yeni yoluxma hallarının sayı ardıcıl altıncı həftədir artır, son həftə ərzində 4 milyondan çox yeni yoluxma qeydə alınıb. Virusdan ölümlərin sayı da həmçinin keçmiş həftə ilə müqayisədə 11 % artıb, 71 mindən çox yeni ölüm qeydə alınıb", - bülletendə qeyd edilir.
Təşkilatın məlumatına görə, yeddi gün ərzində cənub-şərqi Asiyada COVID-19-dan ölüm faizinin artımı 46 % təşkil edib. Bu göstərici Şimali və Cənubi Amerikada 15 %, Şərqi Aralıq Dənizi regionu ölkələrində 7 %, Avropada 2 % olub.
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, həmin il martın 11-də isə koronavirusu pandemiya elan edib.
Xəbəri paylaş