Son zamanlar Turan ordusunun yaradılması barədə intensiv yazılarla rastaşırıq, bu ideyanın reallaşması, mümkünlüyü, ümumiyyətlə turançılıq ideyası barədə Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyevin bu fikirlərini oxuculara təqdim edirik:
-Qeyd edim ki, Turan ordusu nəzəri cəhətdən, ideya baxımdan gözəl arzudur, hər bir arzu reallığa söykənməyəndə arzu olaraq qalır. Turançılıq ideyası təkcə Türkiyə - Azərbaycan münasibətləri ilə bağlı məsələ deyil. Dünyada çoxlu sayda türk soyundan olan, türk dilli xalqlar və dövlətlər vardır, əhali sayı baxımdan 300 milyona yaxın insan dünyanın müxtəlif regionlarında yaşayır və sürətlə artmaqdadır. Bu xalqlar uzun müddətdir ki, müxtəlif dövlət qurluşunda, müxtəlif ideyalar altında yaşamış və formalaşmışlar, uzun müddət müxtəlif vaxtlarda, tarixi şəraitin diqtəsindən asılı olaraq dilləri və mədəniyyətləri qismən assimliyasiyaya uğramışdır. Turançılıq ideyası öncə ortaq mədəniyyət və ortaq dilin inkişafı ilə başlayır, xalqlarınn mədəni inteqrasiyası onların ünsüyyəti ilə bağlıdır. Təbii olaraq mədəni ünsiyyət mənəvi baxımdan insanları bir-birinə yaxınlaşdırır və mehribanlaşdırır. Mehribançılıq birliyin təməl pirinsipidir, mehiban olmayan insanlar bir yerdə ola bilməzlər. İnsan həmi biyaloji, həm də mənəvi varlıqdır. Bu fəlsəfi kateqoriya (maddilik və mənəvilik) bir-birindən ayrılmazdır. Bu baxımdan Türkdilli xalqların iqtisadi inteqrasiyası, Turançılıq ideyasının praktiki təməl pirinsiplərinin əsasını təşkil etməlidir. Bu inteqrasiyanın (mənəvi və maddilik) inkişafı üçün şəraitin olması vacib məsələdir. Dünya xəritəsinə baxsaq görərik ki, coğrafi baxımdan türkdilli xalqların məskunlaşdığı ərazilər siyasi baxımdan Rusiyanın təsir zonasındadır, Rusiya isə dünya siyasətinə diqtə edən, güclü dövlətlərdən biridir. Belə olan təqdirdə dünyanın siyasi realallığını qəbul edib ona uyğun davranmaq məqsədə uyğun olardı. Hər bir xalqın inkişafı və siyasi birliyi üçün ideoloji bazası və tarixi şəraitin yaranması vacib məsələdir. Bu baxımdan Rusiya-Türkiyə münasibətlərinin siyasi və iqtisadi cəhətdən yaxınlaşması türkdilli xalqlarının mədəni, siyasi və iqtisadi inteqrasiyasının yaranmasına əsas verə bilər. Bir sözlə, Türkiyə Turançılıq ideyasının yayılmasında, praktiki olaraq inkişafında birbaşa məsuliyyət daşımalıdır. Yəni bu ideyanın reallaşması Türkiyənin siyasi iradəsinə bağlıdır. Türkiyə, necə deyərlər, bir növ siyasi lokomativ rolunu oynamalıdır. Dünya siyasətində Türkiyə türkdilli respublikaların mənafeyini qorumaq məsuliyyətini üzərinə götürməlidir, bu məsuliyyət Turançılıq ideyasına bağlı olmalıdır. Bayaq qeyd etdiyim kimi Turançılıq ideyası üçün tarixi şəraitin yaranması, Rusiya və Türkiyənin siyasi və iqtisadi yaxınlığı ilə bağlıdır. Türkdilli dövlətlər bu yaxılığa hər vəchlə dəstək verməli, bu əlaqələrin inkişafını alqışlamalıdır. Başda Türkiyə olmaqla türkdilli dövlətlərin və xalqların maddi və mənəvi inteqrasiyası Avrasiya İqtisadi Birliyi çərçivəsində praktiki həyata keçirmək nəzəriyyəsi mövcuddur. Bunu üçün Türkiyə və Azərbaycan həmin birliyin fəal üzvülərindən olmalıdır. Belə olan təqdirdə Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, o cümlədən Rusiya ərazisində yaşayan türkdilli xalqların sözün əsl mənasında siyasi-iqtisadi inteqrasiyasına nail olmaqla Turançılıq ideyasının təməlini qoymuş olardı.
O ki, qaldı indiki halda Turan ordusunun yaranmasına, bu bilirsiniz nəyə bənzəyir? Bir bina tikəndə öncə həmin binanın fundamenti qoyulur, sonra sütunları ucalır, daha sonra binanı qoruyan çardaq quraşdırılır. Indi hər şey tərsinə olur, öncə çardaq quraşdırılır, məncə bu məntiqsizlikdir. Turan ordusunun yaranması bu misala bənzəyir. Hesab edirəm ki, Turançılıq ideyası öncə türk dilli xalqların məfkürəsində çücərməlidir. Bunun üçün yuxarıda qeyd etdiyim məsələlər öz əksini tapmalıdır. Yəni başda, Türkiyə olmaqla türkdilli xalqların Avrasiya İqtisadi Birliyi çərçivəsində mənəvi, ideoloji, siyasi və iqtisadi bağlılığına nail olunmalıdır, sonra Turan ordusu barədə düşünmək məsləhətdir.