Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin oğlunun İkinci Qarabağ savaşı zamanı Ermənistan hərbçiləri tərəfindən “girov götürüldüyü” ilə bağlı məqsədli şəkildə şayiələrin yayıldığı haqda məlumat vermişdik. Belə ki, rayon sakinləri arasında yayılan məlumatlara görə, guya, icra başçısının oğlu Nazim Quluzadə müharibədə ermənilərə “girov” düşüb.
Lakin araşdırmamız nəticəsində məlum olmuşdu ki, Nazim Quluzadə ümumiyyətlə müharibədə iştirak etməyib. Onun paytaxtda yerləşən “elit” hərbi hissələrin birində xidmət etdiyi ortaya çıxmışdı. Təbii ki, əgər buna “xidmət” demək olarsa…
Xatırladaq ki, cəbhədə qızğın döyüşlər getdiyi zamanlarda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbələrinə üz tutanların sayı-hesabı yox idi. Həmin günlərdə hətta məmur övladlarının cəbhəyə yollanmaq istədiyi barədə də informasiyalar yayılırdı. İndi isə məlum olur ki, Məhərrəm Quliyev hamının bir nəfər kimi Vətənin müdafiəsinə qalxdığı bir zamanda, heç bir idman nailiyyəti olmayan oğlunu “elit hərbi hissəyə” xidmətə gönədərməklə, onu döyüşdən yayındırmaq məqsədi güdüb.
Əvvəlki yazımızda Goranboy rayon icra başçısının əməkdaşımızın bu məsələlərlə bağlı sualına söyüşlə cavab verməsi haqda oxucularımızı bilgiləndirmişdik. Onu da qeyd etmişdik ki, sorğumuza cavab vermək icra başçısının vəzifə borcu olsa da, M.Quliyevin bu cür əxlaqsız davranışı onun “yerində olmadığının” göstəricisidir.
Sözsüz ki, belə yarıtmaz idarəçiliyi olan icra başçısının komandasının üzvləri də onun yolunu davam etdirməyə məhkumdur. Hansı ki, Goranboy rayon icra başçısının müavini Ceyhun Həsənovla bağlı da sakinlər tərəfindən çoxsaylı narazılıqlar mövcuddur…
Ancaq etibarlı mənbədən “RegionTV.info“ya daxil olan məlumat görə, icra başçısının müavini Ceyhun Həsənov bu günlərdə öz ərizəsiylə istefaya gedib. Belə fikirlər mövcuddur ki, C.Həsənov rayon sakinlərinin onunla bağlı “Hürriyyət”ə ünvanladığı şikayətlərdən qorxuya düşərək, belə bir addım atmağa məcbur olub. Ən maraqlısı isə odur ki, o, istefa ərizəsi yazdıqdan sonra bir-bir şikayətçilərlə görüşərək, onlardan halallıq istəyib. Sonda isə, sakinlərindən artıq onun haqqında heç yerə şikayət etməməyi xahiş edib.
Əlbəttə, məmurların böyük bir qisminin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, böyük pullar qazandığı Azərbaycanda uşaqdan böyüyə hər kəsə bəllidir. O da məlumdur ki, məmur oliqarxiyası bir tərəfdən büdcə vəsaitlərini talan edir, digər tərəfdən isə vəzifə səlahiyyətlərini aşıb sahibkarlara “xərac” kəsərək, ciblərini doldurmaqla məşğul olurlar. Rüşvət və korrupsiya üstündə bir neçə icra başçısı həbs olunsa da, bəzi rayonlarda bu hallar hələ də davam edir. İddia olunur ki, həbs olunan icra başçıları kimi, Məhərrəm Quliyev də təkcə büdcəni talan etməklə deyil, sahibkarlara “xərac” kəsməklə “ciblərini” doldurur.
Görünür, Ceyhun Həsənov da Məhərrəm Quliyevin qanunsuz göstərişlərini yerinə yetirmək məcburriyyətində qalıb və sonda bu cür göstərişlərin qanunsuz olduğunu görərək, istefa etmək məcburiyyətinə olub. Bu baxımdan da narazılıq edən rayon sakinləriylə görüşərək, halallıq istəyib.
P.S. Sonda onu da qeyd edək ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin də vəzifədən azad olunacağı bildirilir. Hətta bəzi bilgilərə görə, icra başçısının istefa ərizəsi artıq alınıb və hazırda təhvil-təslim işləri gedir.
Xəbəri paylaş