Azərbaycanda istehlak kreditləri üzrə qanun qəbul edilməlidir. Əksər ölkələrdə belə qanun var. Bu gün banklar vəziyyətdən sui-istifadə edərək vətəndaşlarla bağladıqları müqaviləyə istənilən şərtləri qeyd edirlər və sonra vətəndaşların başına oyun açırlar.
"RegionTV.info" xəbər verir ki, bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında bank eksperti Əkrəm Həsənov deyib.
O bildirib ki, əhalinin rəsmi gəliri nəzərə alınsa, qanunla banklar istehlak krediti verməli deyil:
“Qanunvericiliyə və beynəlxalq standartlara görə banklarımız gərək əhaliyə ümumiyyətlə kredit verməsin. Çünki onların rəsmi gəlirləri bank kreditini qaytarmaq üçün kifayət deyil. Sadəcə banklar gəlir əldə etmək üçün bu kreditləri verirlər. Lakin şəffaflaşma və kölgə iqtisadiyyatı ilə mübarizə çərçivəsində xeyli insan bankdan kredit ala bilməyəcək. Bu, normal prosesdir. Krediti ödəyə bilməyən insanların bankdan kredit götürməsi doğru deyil”.
Ekspert onu da qeyd edib ki, bankdan keridt götürən vətəndaşların əksəriyyətinin gəliri qeyri-rəsmi olduğu üçün onların krediti ödəmə imkanının həqiqətən olub-olmamasını ayırd etmək çətin olur.
Xəbəri paylaş