Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir.
"RegionTV.info" xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, bu gün saat 6:15 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması müşahidə olunmuşdur.
Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi tam qapadılmışdır. Sərhəd naryadının “dayan” əmrini icra etməyərək geriyə qaçan sərhəd pozucularına qarşı “Azərbaycan Respublikasının dövlət sərhəd haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə tam uyğun olaraq silah tətbiq edilmiş və onlardan biri yaralanmışdır. Digər sərhəd pozucusu hadisə yerindən qaçaraq müqabil əraziyə keçmişdir.
Yaralı sərhəd pozucusuna dərhal ilkin tibbi yardım göstərilmiş və Füzuli rayonun Diaqnostika Mərkəzinə təxliyəsi təşkil olunmuşdur.
Hadisə yerində 2 bağlamada ümumi çəkisi 5,3 kq narkotikə bənzər maddələr aşkar olunmuşdur.
Hadisə ilə əlaqədar cinayət işi başlanılmışdır, zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.
Xəbəri paylaş