Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Rəşad Mahmudov: "Böyrək transplantasiyası dializə görə 4 dəfə əlverişlidir"






Sentyabrın 18-də Milli Məclisin Səhiyyə komitəsinin payız sessiyası çərçivəsində ilk iclası keçiriləcək.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib.

İclasda 2020-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə Səhiyyə komitəsində görülən işlərə dair hesabat  və komitənin 2020-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsi barədə müzakirə aparılacaq.

R. Mahmudov deyib ki, payız sessiyasında pandemiya ilə bağlı icra strukturlarının ehtiyacı olan qanun layihələrinin sürətlə hazırlanması prioritet istiqamətlərdən biridir: “Eyni zamanda yaz sessiyasında müzakirəsi planlaşdırılsa da, pandemiya ilə bağlı təxirə salınan “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsinin payız sessiyasında mütləq müzakirəyə çıxarılacaq qanun layihələri sırasında birinci yerdə gəlir. Bu qanun layihəsi bütün mərhələlərdən keçib, plenar iclasda müzakirəyə çıxarılmaq üçün hazır vəziyyətdədir. Bununla əlaqədar biz son dinləmələr və müzakirələrimizi də aparmışıq. Düşünürəm ki, həmkarlarım da həssas yanaşacaq və payız sessiyasında   “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanunun Milli Məclisdə qəbuluna nail olacağıq. Çünki bu, orqan çatışmazlığında son mərhələyə düşmüş, həyatda yaşamaq ümidini itirmiş insanlar üçün onların həyatını qurtaracaq bir qanundur. Bu qanun yüksək səviyyədə hazırlanıb və qəbul olunmaması üçün də bir əsas yoxdur”.

Komitə sədrinin müavini qeyd edib ki, yeni növ koronavirusun (COVİD-19) pandemiyasının yaratdığı şəraitin şərtləri də nə hüquqi, nə də icra strukturlarının işi nöqteyi-nəzərdən “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsinə fərqli yanaşmağa, xüsusi dəyişiklik etməyə ehtiyac yaratmır: 

“İcbari tibbi sığorta ilə bağlı öncəki planlarda demək olar ki, icbari sığortanın əhatə etməyəcəyi həyati vacib transplantasiya yox idi. Söhbət bu qanun işlədiyi halda ürək, qaraciyər və böyrək başda olmaqla, yaşam üçün vacib transplantasiya əməliyyatlarından gedir. Ürək və qaraciyər çatışmazlığının son mərhələsində transplantasiya həyat qurtarır və bu, “qızıl standart” olaraq qəbul edilib. Böyrək çatışmazlığında da yenə əlçatanlıq olmadığı zaman alternativ yoldan – dializdən istifadə etmək olur. Dializlə əlaqədar dövlət proqramı həyata keçirilir və xəstələr dializlə uzun müddət yaşaya bilir. Amma mən statistikanı da açıqlamaq istəyirəm. Böyrək transplantasiyası yerinə dializ proqramının həyata keçirilməsinın əslində bir çox nöqteyi-nəzərdən mənfi tərəfləri var. İlkin baxışda transplantasiya dövlət üçün ağır və məsrəfli bir iş kimi görünsə də, iqtisadi baxımdan bir xəstənin 5 il dailizlə yaşamasını böyrək transplantasiyası ilə qarşılaşdırsaq, böyrək transplantasiyası dializə görə 4 dəfə əlverişlidir. Böyrək transplantasiyanın aşağı-yuxarı qiyməti bəllidir. Ondan sonra da illik immunspresiv müalicələr var. Ancaq bu halda da dövlətin üzərinə bir vətəndaşla bağlı düşən xərc 30 min manatdan yuxarını keçmir. 30 min manat müqabilində həmin insanın aktiv həyata da dönməsi, əlillikdən uzaqlaşması ehtimalı var. Çünki artıq sağlam insan deməkdir. Dializdə həftədə 3-4 dəfə süni aparata bağlamaqla zaman itkisi  olur. Eyni zamanda hər dəfə dializ zamanı insan bədəninə keçən viruslar, hepatitlər sayəsində böyrək çatışmazlığı ilə bərabər əlavə problemlər yaranır. Bu da ölkə səhiyyəsinin üzərinə əlavə yük yaradır. Transplantasiya səhiyyənin üzərinə düşən bu əlavə yüklərin də son nəticədə azalmasına səbəb olur. İqtisadi baxımdan dailizə baxsaq, 2011-2015-ci illərdə bir xəstənin bir il ərzində sadəcə dializ aparatlarından keçməsi üçün dövlətin səhiyyə büdcəsindən 27 min manat xərclənirdi. Son illərdə bu məbləğ 11 min manata düşdü. Əvvəlki qiymətlərdə 5 il ərzində bir xəstə üçün dövlətin  təxminən 120 min manat xərci çıxırdı, indiki qiymətlərlə isə 50 min manat xərc çıxır. Amma bu xərc sadəcə dializatorlar və dializ sisteminə görədir. İnsanın həyatından həftənin 3 gününün alınması, sosial baxımdan effektiv olmaması, iqtisadi cəhətdən ailəsi və dövlət üzərinə yük gətirməsi qeyd edilməlidir. Yəni, dializ həm insanın şəxsi həyatının keyfiyyətinə xələl, həm də dövlət üçün əlavə yüklər gətirir. Dailizin yaratdığı əlavə problemlərə gəlincə, təkcə bir faktı demək istəyirəm. Dializə girən xəstələr 1 il sonra yoxlanıldığı zaman onların 90 faizindən çoxunda hepatit xəstəliyi əmələ gəlir. Böyrək çatışmazlığından əziyyət çəkən  və dializlə yaşayan insanlar gələcək illərdə qaraciyər çatışmazlığı ilə də üzləşə bilir. Biz bu gün Prezidentin, Birinci Vitse-prezidentin və hökumətin qarşıya qoyduğu hədəflər çərçivəsində vətəndaş məmnuniyyəti ilə birlikdə səhiyyəyə xərclənən vəsaitin effektini dəfələrlə artırmış olacağıq. Azərbaycan səhiyyəsi də bu istiqamətdə üzərinə düşən işləri görməyə çalışır. Əfsuslar olsun ki, pandemiya planlaşdırılan bir çox işlərə yan təsirsiz ötüşmədi. Amma biz heç zaman pandemiyanın təsiri səbəbindən səhiyyənin inkişafı yolundan qalmamalıyıq. Çünki vətəndaşın ən vacib hüququ olan yaşamaq hüququnu optimal bir şəkildə təmin etmək hər bir dövlətin ən ümdə vəzifələrindən biridir”.

R. Mahmudov vurğulayıb ki, kağız üzərində demək olar ki, hər şey hazırdır:  “Önəmli olan bunu reallığa çevirməkdir. “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanunun qəbulundan sonra bunu tətbiq edəcək mərkəzlər, ixtisasçılar, keyfiyyətli tibbi xidmət və bu tibbi xidməti satın alacaq sığorta şirkətləri, eləcə də icbari tibbi sığorta gəlir. Bu çarx bütünlüklə sağlam işlədiyi təqdirdə hər bir vətəndaşın, eləcə də Azərbaycan hökumətinin arzuladığı səhiyyənin inkişafından söhbət gedə bilər”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də