Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

15 sentyabrda doğuldu, atasını erkən yaşlarında itirdi, yeni doğulan körpəsinin üzünü görmədi...






Bu gün 15 sentyabr Bilik günüylə yanaşı, Azərbaycanda Qələbə günü kimi qeyd olunur. 1918-ci il sentyabrın 15-də Bakı Nuru Paşanın komandanlığı altından türk ordusu tərəfindən bolşeviklərdən azad edilib. Təbii ki, bu tarixi hadisəni xatırlamaq hamımızın borcudur və bu qələbəni təkrarlamağa yenə ehtiyac var. 

Moderator.az xəbər verir ki, belə tarixi bir gündə dünyaya göz açan igidlərimizdən biri də 2016-cı il Şanlı aprel döyüşlərimiz zamanı qəhrəmancasına şəhid olan Baş-leytenant Qabil Orucəliyevdir. 

Qabil Orucəliyev 1991-ci ildə Naxçıvan şəhərində anadan olub. Evin böyük oğlu olan Qabil, hələ orta 
məktəbdə oxuyarkən atasını itirib. Atası Əbdüləli 2005-ci ildə 41 yaşında dünyasını dəyişib. Bundan sonra ailənin bütün yükü həm onun, həm də anasının üstünə düşüb. İki bacısı və bir qardaşını öz himayəsinə götürüb. Sonra hərbçi olmaq qərarına gəlib və buna da nail olub. 

Qabil 2015-ci ildə Təhminə xanımla ailə həyatı qurur. Övlad yolu gözləyən zabitimiz sonuncu dəfə 2016-ci il martın 29-da anasıyla danışarkən ata olması münasibəti ilə anası onu təbrik edir və Qabil telefonda bu sözləri deyir:

“Ay ana, necəsən?” Təhminəyə demişəm, uşağa atamın adını qoyarsınız”. Sonra isə Qabilə zəng çatmır. 

Aprelin 2-də isə Qabilin şəhid xəbəri ailəsinə deyilir. Bundan sonra Naxçıvan şəhəri qəhrəman şəhidini qarşılamağa hazırlaşır. Şəhidimiz aprelin 11-də Naxçıvan şəhərində son mənzilə yola salınır. Övladına atasının yox, onun adını qoyurlar. Şəhidimiz Baş-leytenant Qabil Orucəliyev ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalı ilə təltif edilib. 
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də