Paytaxtın Yasamal rayonunda banklardan birinə məxsus bankomatın saxlanc yerini qıraraq orada olan 15457 manat pulu oğurlamaq istəyən şəxs saxlanılıb.
"RegionTV.info" xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi və Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Coşqun Həsənov cinayət başındaca tutularaq istintaqa təqdim olunub. Araşdırma zamanı bu şəxsin cari ilin fevral ayında paytaxtın Nərimanov rayonu Təbriz küçəsindəki bankomatlardan birindən 48840 manat pul oğurladığı da müəyyən edilib.
C.Həsənovun paytaxt, eləcə də Abşeron rayonu ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.
Faktla saxlanılan şəxs barəsində Yasamal RPİ-nin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.
Xəbəri paylaş