Filippin hökuməti martın 29-dan başlayaraq paytaxt Manilada və ətraf əyalətlərdə koronavirus pandemiyasına görə məhdudiyyətləri sərtləşdirəcək.
"RegionTV.info" xəbər verir ki, bu barədə Filippin KİV-ləri məlumat verib. Bu addım cari aydan başlayaraq yoluxanların sayında kəskin artım ilə əlaqələndirilir. Belə ki, ölkə üzrə yoluxanların gündəlik sayı rekord səviyyəyə - 9838 nəfərə çatıb.
Bildirilir ki, elan edilən tədbirlər paytaxt daxil olmaqla dörd qonşu əyalətdə bir həftəlik ciddi məhdudiyyətləri özündə birləşdirəcək. Ötən ilin mayından sonra elan edilən məhdudiyyətlər ən yüksək dördüncü səviyyədə tətbiq olunacaq.
Hökumət ilkin tələbat malları - ərzaq və dərmanlar almaq üçün evdən çıxmaq istisna olmaqla gəzintiləri qadağan edəcək. Yerli vaxtla axşam saat 18:00-dan səhər saat 5:00-dək gəzintilər qadağan olunacaq. Şirkətlərə isə işə gələn əməkdaşların sayını maksimum azaltmaq tövsiyə ediləcək.
Bildirilir ki, bu barədə hökumətin elanından sonra insanlar marketlərə yönələrək uzun müddət saxlanılan ərzaq məhsulları və ilkin tələbat malları almağa başlayıblar.
Hökumətin, həmçinin koronavirusun yeni ştammlarının yaranmasını da diqqətlə izlədiyi bildirilir. Hazırda Filippində virusun Böyük Britaniya, Cənubi Afrika və Braziliya ştammları ilə yanaşı, yeni ştammın aşkar edildiyi qeyd edilir.
Xəbəri paylaş