Koronavirus pandemiyası başlayandan etibarən Azərbaycan bu virusa qarşı həm daxili, həm də beynəlxalq müstəvidə sistemli tədbirlər həyata keçirib, bu bəlaya qarşı beynəlxalq səylərin birləşdirilməsi, yeni əməkdaşlıq formatlarının yaradılması istiqamətində yeni təşəbbüslərlə çıxış edib.
Bunu RegionTV.info-ya Milli Məclisin deputatı Afət Həsənova deyib. A.Həsənova bildirib ki, məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının pandemiya ilə mübarizə mövzusunda dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçən ilin dekabrında uğurla keçirilib və beynəlxalq ictimaiyyətin əlaqələndirilmiş birgə fəaliyyətinə böyük töhfə verib:
"Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu bəlaya qarşı qlobal səviyyədə mübarizə aparmaq məqsədilə əməkdaşlığın gücləndirilməsi məqsədilə müxtəlif yenilikçi təşəbbüslərlə çıxış edir və bu təşəbbüslərin reallaşdırılmasında fəal iştirak edib. Eyni zamanda ölkəmiz koronavirusa qarşı mübarizə istiqamətində 30-dan çox ölkəyə humanitar yardım edib, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar ianə edib.
Həmçinin ölkəmiz vaksinlərin ədalətli bölgüsü və əlçatanlığı məqsədilə yaradılmış COVAX beynəlxalq təşəbbüsünə ilk qoşulan və dəstək verən ölkələrdən biri olub.
Yəni Azərbaycan bütün məsələlərdə olduğu kimi, koronavirus bəlası ilə mübarizədə də beynəlxalq müstəvidə öz töhfəsini verir, lakin əfsuslar olsun ki, bu cür fəaliyyətə baxmayaraq, ölkəmiz ikili standartlarla üz-üzə qalmaqdadır.
Belə ki, vaksinlərin ədalətli bölüşdürülməsinə cavabdeh olan COVAX öncədən razılaşdırılmış vaxtda və sayda vaksinləri ölkəmizə hələ də təhvil verməyib. Bu azmış kimi son günlər də COVAX tərəfindən Azərbaycana məlumat verilib ki, vəd ediləndən daha az sayda vaksin veriləcək və hətta bunun da verilmə vaxtı qeyri-müəyyəndir. Lakin COVAX tərəfindən dost Gürcüstana artıq ilk partiya vaksinlər çatdırılıb.
COVAX-ın bu cür yanaşması ikili standartdan başqa bir şey deyil. Necə olur başqa ölkələrə vaksinlər vaxtında çatdırılır, lakin Azərbaycana gəlincə hansısa əsassız fikirlər səsləndirilir?! İnsan sağlamlığı olan məsələdə də ikili standartlara yol verilir. Bu ikili standartlar insanların vaxtında vaksin olunma imkanını əlindən alır, onların həyatını təhlükədə qoyur, hətta insanların həyatı bahasına başa gələ bilər. Ona görə də COVAX bu yanaşması ikili standarlardan da o tərəfədir, bilərəkdən insanları ölümlə üz-üzə qoymaqdır ki, bu da insanlıq əleyhinə bir hərəkətdir. COVAX-ın bu cür qeyri-ciddi hərəkəti, məsuliyyətsiz davranışı beynəlxalq aləmdə də ona olan etibarı heçə endirir, bunun faydasız və qərəzli bir platforma olduğunu göstərir.
Lakin sevindirici haldır ki, Azərbaycan bütün məsələlərdə olduğu kimi vaksin məsələsində də məqsədyönlü iş aparıb, COVAX-ın sonradan boş çıxan vədlərinə inanmayaraq öz işini sığortalayıb və Çindən lazımi sayda keyfiyyətli vaksinin vaxtında tədarükünü təmin edib".
Xəbəri paylaş