
2025-ci ildə dövlət büdcəsi xərclərinin 98 faizi xəzinə müşayiətinə cəlb olunub.
Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində keçirilən plenar iclasda "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi ilə bağlı deputatların suallarına cavab verərkən deyib.
Nazir ötən il dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin bank hesablarında qalaraq 2026-cı ilə keçirilməsi ilə bağlı məsələyə münasibət bildirib.
Onun sözlərinə görə, bank hesablarına köçürülən vəsaitlərin əsas hissəsi müxtəlif təşkilatların nizamnamə kapitalının artırılması, publik hüquqi şəxslərin və qeyri-hökumət təşkilatlarının fəaliyyətinin maliyyələşdirilməsi, eləcə də aqrar sahədə subsidiyaların ödənilməsi üçün ayrılıb.
Sahil Babayev qeyd edib ki, qanunvericiliyə əsasən dövlət müəssisələrinin nizamnamə kapitalının artırılması məqsədilə ayrılan vəsaitlər onların bank hesablarına köçürülür və il ərzində istifadə olunmayan hissə növbəti illərdə xərclərin maliyyələşdirilməsinə yönəldilir.
Nazir bildirib ki, ötən ilin avqust ayınadək publik hüquqi şəxslərin maliyyələşdirilməsi üçün vəsaitlər Maliyyə Nazirliyi tərəfindən birbaşa onların bank hesablarına köçürülürdü. Lakin Azərbaycan Prezidentinin müvafiq fərmanı ilə qaydalara dəyişiklik edilib və avqust ayından etibarən dövlət büdcəsindən publik hüquqi şəxslərə ayrılan vəsaitlərin icrası yalnız dövlət xəzinədarlığı vasitəsilə həyata keçirilməyə başlanıb.
Sahil Babayev əlavə edib ki, Prezidentin 2025-ci il 25 avqust tarixli fərmanına əsasən dövlət büdcəsindən təşkilatlara ayrılan vəsaitlərin, büdcə ssudalarının, dövlət sifarişi ilə icra olunan layihələrin, subsidiya və subvensiyaların dövlət xəzinədarlığı vasitəsilə ünvanlı icrası tapşırılıb.
Nazirin sözlərinə görə, bu tapşırığa uyğun olaraq, hesabat dövründə dövlət büdcəsi xərclərinin 98 faizi xəzinə müşayiətinə cəlb edilib.


