Bu ilin ilk 8 ayında (yanvar-avqust) ölkəyə 19 153,76 ton kərə yağı idxal olunub, Gömrük komitəsində rəsmiləşdirilən statistik dəyəri isə 103 mln. 312 min dollar təşkil edib. Yəni, hər kq kərə yağı ölkəmizə 5,3 dollara, 9 manat 10 qəpiyə daxil olub.
Bu statistikanı iqtisadçı ekspert Natiq Cəfərli açıqlayıb.
Onun sözlərinə görə, gömrükdə hər kq-ı 9 manat 10 qəpiyə rəsmiləşdirilən kərə yağı Bakıdakı marketlərdə 18-25 manat arasında satılır.
“Yəni kərə yağının hazırkı qiyməti ortalama 20-21 manat civarındadır. Kəra yağı gətirən şirkətin vergisi, daşınması, gəliri, satış nöqtələrinin gəliri – hamısını 50% civarında hesablasaq, qiymət 15-16 manatdan baha olmaz”, - N.Cəfərli qeyd edib.
Bəs onda kərə yağı əhaliyə niyə baha satılır?
N.Cəfərli suala belə cavab verib:
“Çünki rəqabət yoxdur, ölkəyə yağ gətirən şirkət sayı azdır, yerli istehsal isə yox dərəcəsindədir – yerli şirkətlərin adı ilə bazara çıxarılan kərə yağının tərkibi yerli deyil, xaricdən gətirilir, sadəcə burada qablaşdırılır və satışa çıxarılır. Hələ qablaşdırılan zaman onun tərkibi ilə yaxşıca oynayırlar da, daha ucuz heyvan-bitki mənşəli yağlar qatırlar, maya dəyərini 20-30% aşağı salırlar ki, bu da gəlirlərini kəskin artırır.
Rəqabət olmayan yerdə qiyməti diktə etmək çox asandır, bizdə Antiinhisar qurumları topdan yox, pərəkəndə satanlarla, güya, “mübarizə” aparırlar, hələ orda da vəziyyət başqadır – iri holdinqlərə məxsus marketlər şəbəkəsinə dəymirlər, dəyə bilmirlər, arada gedib məhəllədəki kiçik dükanı olan Mamed dayıya ilişirlər”.