Azərbaycanda daha bir bankın - “Naxçıvanbank”ın lisenziyası ləğv edildi.
Qərar Mərkəzi Bankın İdarə Heyəti tərəfindən 24 iyul 2024-cü il tarixində qəbul edilib.
Bundan əvvəl 2023-cü ildə "Günay Bank" və “Muğan Bank” bağlanmışdı. 2020-ci ildə isə 4 bank - "AGBank", "Amrahbank", "AtaBank", "NBCBank" fəaliyyətini dayandırmışdı.
Beləliklə, hazırda Azərbaycanda 20 bank fəaliyyət göstərməkdədir.
Baş verənlər isə Azərbaycanda banklara olan inam və etibarın sarsılmasına səbəb olur. İnsanlar əllərindəki kapitalı əmanət şəklində banklara yatırmağa ehtiyatlanırlar.
Dövlət Statistika Komitəsinin məlumatına görə, əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2024-cü il iyun ayının 1-nə 13678,7 milyon manat olub.
Son vaxtlar banklarda depozit faizlərində azalma baş verib. Bu isə əmanət qoyuluşlarına təsirsiz ötüşmür.
Qeyd edək ki, 1 fevral 2023-cü il tarixindən fiziki şəxslərin banklarda olan əmanətləri vergiyə cəlb olunub.
2024-cü ilin yanvarın 1-dən etibarən fiziki şəxslərin hər bir bankda milli valyutada 18 ayadək olan depozitlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsi vergidən azad edilib. Həmçinin fiziki şəxslərin hər bir bankda milli valyutada olan depoziti 18 ay və daha artıq müddətə yerləşdirildikdə faiz gəlirlərinin tam hissəsi 3 il müddətinə vergidən azad edilib.
Bəs hazırda banklar əmanətləri hansı faizlə cəlb edir? Başqa sözlə, hansı bank əmanətə daha çox faiz verir?
Tutaq ki, vətəndaş 10 min manat pulunu əmanət şəklində 1 il müddətində banka qoymaq istəyir. Bu halda onun həmin məbləğə görə aylıq və ya illik gəliri nə qədər olacaq.
Modern.az saytı bu suala cavab tapmaq üçün banklardakı faiz dərəcələrini araşdırıb.
Bank BTB-də əmanətlərin gəliri aylıq 10%-lə, müddətin sonunda 10,25%-lə verilir.
Bank VTB-də də fazilər eyni qaydada hesablanır - aylıq 10%, müddətin sonunda 10,25%.
Accessbank əmanətçilərdən cəlb etdiyi depozitə aylıq 9%, müddətin sonunda 9,5% gəlir hesablayır.
Turanbank-da faizləri hər ay və ya müddətin sonunda almaq mümkündür. Burada əmanətin gəliri aylıq götürüldükdə 9,5%-lə, müddət sonunda isə 9,75%-lə hesablanır.
Yelo Bank-da əmanətə görə faizləri belə hesablayır: aylıq ödəniş 10%, müddətin sonunda 10,5%.
Rabitəbank-da əmanətin gəliri aylıq ödənildikdə 9,25%, müddətin sonunda ödənildikdə 10%-lə hesablanır.
Unibank-da əmanət faizlərini hər ay və ya müddətin sonunda almaq mümkündür: hər ay üçün 9,5%, müddətin sonu 10%.
Kapitalbank-da əmanət faizləri bir qədər aşağıdır: aylıq ödəniş 8%, müddətin sonunda 9%.
Bank of Baku-da əmanət gəlirləri hər aya 9%, müddətin sonuna 9,5%-lə hesablanır.
Azərbaycan Beynəlxalq Bankında əmanət gəliri aylıq ödəndikdə 9,5%-lə, illik ödəndikdə 10,5%-lə hesablanır.
Azər Tük Bank-da əmanətlərin faizi xeyli aşağı hesablanır: aylıq 5%, illik 5,5%.
Bank Respublika-da əmanət gəliri bu cür hesablanır: aylıq 9%, müddətin sonu 9,5%.
Xalq Bank-da faizlərin ödənilməsi belədir: aylıq 6%, müddətin sonunda 6,5%.
Expressbank-da əmanətin gəliri aylıq götürüldükdə 9,75%-lə, müddətin sonunda götürüldükdə 10,25%-lə hesablanır.
Bank Avrasiya-da gəlir faziləri belə ödənilir: aylıq 7%, müddətin sonunda 8%.
Azərbaycan Sənaye Bankı vətəndaşlardan əmanətləri aylıq 6%-lə, illik 7%-lə cəlb edir.
Premium Bank-da əmanətlərin gəliri aylıq 6%-lə, illik 6,5%-lə hesablanır.
Ziraat Bank-da da əmanət faizləri aşağıdır: aylıq 7%, illik 7.5%.
AFB Bank-da əmanət fazilərinə görə aylıq 9%, illik 9,5% gəlir verilir.
Yapı Kredit Bank-da əmanətlətin aylıq ödənişi yoxdur, illik ödəniş isə 5,5%-lə hesablanır.