Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qapazaltı komanda və əcnəbi məşqçilər

Qapazaltı komanda və əcnəbi məşqçilər - Futbolumuz ölüb, qaldıranı yoxdur

Futbol üzrə Azərbaycan milli komandası yenə uduzdu. Dünən Bakıda Slovakiyaya 1:3 hesablı məğlubiyyət ardıcıl yenildiyimiz 4-cü rəzalət idi.

Milli komandamız bundan əvvəl UEFA Millətlər Liqası çərçivəsində elə həmin Slovakiyaya səfər oyununda 0:2 hesabı ilə uduzmuşdu. Bundan başqa, İsveçə (1:3) və Estoniyaya da (1:3) yenilmişik.

Estoniya millisi tarixində ilk dəfə bizim komandaya 3 qol vurub... Azərbaycan millisi qrupda xalı olmayan yeganə komandadır.

4 oyunda 4 məğlubiyyət futbol ictimaiyyətinin də əsblərini tarıma çəkib. Artıq heç kim milli komandaya ümid bəsləmir. Azərbaycan yığma komandası əcnəbi millilər üçün qapazaltıya çevrilib. Gələn-gedən qapımıza minimum 2-3 top vurur.

Milli komandanın noyabrın 16-da Bakıda Estoniya yığmasına qarşı keçirəcəyi oyundan qələbə və ya heç-heçə gözləyənlər çox azdır. Haqsız da deyillər, axı meydançada ürəklə oynamayan, performansı sıfırn altında olan bu futbolçulara necə bel bağlayasan...

Azərbaycan millisinin oyununa görə tənqid hədəfi olanlardan biri də portuqaliyalı baş məşqçisi Fernandu Santuşdur. O, Azərbaycan milli komandasının sükanı arxasına bu ilin iyununda keçib. Santuşun qarşısına qoyulan hədəf Azərbaycan milli komandasına 2028-ci ildəki Avropa Çempionatına vəsiqə qazandırmaqdır. Amma gedişat göstərir ki, portuqaliyalı məşqçi bu fubolçularla çətin ki, məqsədə nail ola bilsin...

Belə baxanda heç Santuşu da qınaya bilmirsən... Azərbaycanda yaxşı futbolçu yoxdur, yetişməyib... Yüz milyonlarla pulun xərcləndiyi Azərbaycan millisi elə bir eniş istiqaməti götürüb ki, getdikcə dibə yuvarlanır.

Fernandu Santuş Azərbaycan milli komandasında işləyən 7-ci əcnəbi baş məşqçidir. Alınmır... Əvvəlki təcrübə də göstərir ki, xarici mütəxəssislər də milli komandamızı qapazaltı olmaqdan xilas edə bilmir...

Braziliyalı Karlos Alberto Torres, makedoniyalı Goko Haciyevski, almaniyalı Berti Foqts, xorvatiyalılar Robert Prosineçki və Nikola Yurçeviç, italiyalı Cianni De Byazini futbol ictimaiyyəti yaxşı xatırlayır... Bir ətək pul xərclədik, amma onlarla da heç nəyə nail ola bilmədik...

Böyük ümidlərlə milli komandaya gətirilən Karlos Alberto Torres (2004-2005-ci illər), Goko Haciyevski (2007–2008-ci illər), Berti Foqts (2008–2014-cü illər), Robert Prosineçki (2014–2017-ci illər), Nikola Yurçeviç (2019–2020-ci illər), Cianni De Byazi (2020–2023-cü illər) sonda əli ətəyindən uzun çıxıb gediblər... Amma gedəndə də əliboş getmədilər. Yaxşı maaşla, pay-püşlə yola salındılar.

İstər-istəməz adamın ağlına ancaq bu fikirlər gəlir: milli komanda əcnəbilər üçün “yağlı tikə", bizim futbol idarəçiləri üçünsə pul silmək üçün ideal imkan yeridir.

Gör hara gəlib çıxmışıq ki, milli komadanın uduzmağına öyrəncəli olmuşuq, təəccüblənmirik... İndi bizi məğlubiyyət deyil, qələbə təəccübləndirə bilər. O da ki harda...

Bir sözlə, futbolumuz ölüb, yerdən qaldıranı yoxdur… Görəsən Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) nə düşünür?..


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də