“Futbolçularımı təbrik edirəm. Oynamaq üçün şərait o qədər də yaxşı deyildi. Matç süni örtükdə keçirilirdi. Uzun səfərə çıxdığımız üçün oyunçularda bir az yorğunluq hiss oluna bilərdi".
Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Cəbəllütariqin "Linkoln" komandasına 2:0 hesabı ilə qalib gəldikləri oyun barədə danışarkən deyib.
O, komandasında yaxşı oyun intizamı gördüyünü bildirib: "Belə meydançalarda diqqət yetirdiyimiz əsas məqamlardan biri səhv etməməkdir. Bu cür örtükdə topu istədiyimiz kimi ram etmək çətin olur. Futbolçularımız sonadək yaxşı konsentrasiya ilə oynadılar. Yaxşı başlanğıc oldu. Bakıdakı matça ciddi hazırlaşacağıq. Rəqibin itirəcəyi bir şeyi qalmadı. Ona görə riskə gedə bilərlər. Bakıda daha yaxşı oyun göstərməyə çalışacağıq”.
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 30-da Bakıda olacaq. Bu cütün qalibi III təsnifat mərhələsində “Lüdoqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) duelinin güclüsü ilə qarşılaşacaq.