Kişi şahmatçılardan ibarət Azərbaycan yığmasının İsraildə təşkil olunan komandalararası dünya çempionatında mübarizəsi davam edir.
Çempionatın ikinci yarış günündə Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Aydın Süleymanlı, Qədir Hüseynov və Vüqar Əsədlidən ibarət Azərbaycan komandası Hindistana 1,5:2,5 hesabı ilə məğlub olub, Polşa ilə isə heç-heçə edib.
Qeyd edək ki, dörd turun nəticəsinə görə, “B” qrupunda Özbəkistan 6, Azərbaycan 5, Hindistan, İsrail hərəyə 4, Polşa və ABŞ komandaları 3 xala malikdirlər.
Turnirdə ümumilikdə 12 komanda mübarizə aparır. Yığmalar hərəsində altı komanda olmaqla iki qrupa bölünüb. Azərbaycan Hindistan, İsrail, Polşa, ABŞ, Özbəkistanın yer aldığı “B” qrupunda mübarizə aparır. “A” qrupunda isə Çin, Fransa, Niderland, CAR, İspaniya, Ukrayna komandaları yer alıblar. Bir dövrəli sistem üzrə keçiriləcək beş turluq mübarizənin sonunda, qrupda ilk dörd yeri tutmuş komandalar yarışın dörddəbir final mərhələsinə vəsiqə qazanacaqlar.