Sumqayıt şəhərində 10-cu sinif şagirdinin 9-cu sinif şagirdinə xəsarət yetirməsi barədə məlumat yayılıb.
Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib ki, bazar günü, 22 dekabr tarixində Sumqayıt şəhər 29 nömrəli tam orta ümumtəhsil məktəbinin 10-cu sinif şagirdi 14 nömrəli tam orta ümumtəhsil məktəbinin 9-cu sinif şagirdinə küçədə aralarında yaranmış mübahisə zamanı xəsarət yetirib.
Xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib, lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Şagirdin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən nəzarətdə saxlanılır. Məktəb direktoru şagirdə baş çəkib, onun səhhəti ilə maraqlanıb.
Qeyd olunanlarla yanaşı, stresin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək üçün hər iki məktəbin rəhbərliyinə şagirdlər və pedaqoji heyətlə maarifləndirici söhbətlərin aparılması tapşırılıb.
"Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticələri aidiyyəti qurumlar tərəfindən ictimaiyyətə veriləcək.
Uşaqların yeniyetməlik dövrü olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik", - açıqlamada bildirilir.