Şəki sakinləri sahibsiz itlərin hücumuna məruz qalıblar.
Şəhər sakini 60 yaşlı Cahangir Salmanov sağ baldırın it dişləməsi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
Bundan başqa, Şəkinin Çayqaraqoyunlu kənd sakini, 3 yaşlı Cəlal Osmanov və Şəki kənd sakini, 7 yaşlı Zəhra Yadigarlı da yaxınlarının köməyi ilə Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Müayinə zamanı hər iki azyaşlının yaşadıqları kəndin ərazisində sahibsiz itlərin hücumuna məruz qaldıqları bəlli olub. Cəlal Osmanova sağ budun, Zəhra Yadigarlıya isə sağ baldırın it dişləməsi diaqnozu qoyulub.
Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, hər üç şəxsə ilkin tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulub. Həyatı təhlükə sovuşduqdan sonra hər üç şəxs ambulator müalicə almaq şərti ilə evə buraxılıb.